İsraillilər İordan çayının qərb sahilində fələstinlilərə aid zeytun ağaclarını məhv ediblər

Tarix: 20:59 30.06.2025
İşğal altındakı İordan çayının qərb sahilində yerləşən əl-Xəlil şəhərinin cənubundakı Susya kəndindən olan fermer Məhəmməd Mahamrə, verdiyi açıqlamada, Fələstin torpaqlarını zəbt edən bir qrup israillinin kənddə 8 yaşında olan 200 zeytun ağacını məhv edərək kökündən çıxardıqlarını bildirib.
Kənd təsərrüfatı ilə dolandığını deyən Mahamrə, "İllərdir israilli zəbtçilərin hücumlarına məruz qalmışam. Daha əvvəl döyülmüşəm, ağaclarım çıxarılıb", – deyə danışıb.
İsraillilərin məqsədi ilə bağlı Mahamrə belə deyib:
"Torpağı ağacsız və əkinsiz vəziyyətə salmaq istəyirlər. Beləcə istifadə olunmadığını iddia edərək torpağa əl qoymaları asanlaşır. Nə olursa olsun, torpaqlarımızı yenidən əkəcəyik və burada qalacağıq. Bu yerləri məskunlaşanlara buraxmayacağıq."
Fanatik israillilər bundan öncə də İordan çayının qərb sahilində yerləşən Qəlqilyə şəhərinin Azun qəsəbəsində təxminən 180 zeytun və sitrus meyvəsi fidanını çıxararaq məhv ediblər.
İsraillilərin qərb sahilindəki fələstinlilərə qarşı hücumları gündəlik olaraq artmağa davam edib, bu hücumlar evlərə, əmlaklara və kənd təsərrüfatı sahələrinə yönəlib. Zəbtçilər eyni zamanda qanunsuz məskunlaşma məntəqələri qurmağa da davam ediblər.
Fələstin rəsmi məlumatlarına əsasən, İsrail ordusu və fələstin torpaqlarını zəbt edən israillilər 7 oktyabr 2023-cü ildən bəri qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı 16 min 633 hücum həyata keçiriblər.
Zəbtçilər çoxu on illərlə yaşı olan zeytun ağacları da daxil olmaqla fələstinlilərə məxsus təxminən 21 min 500 ağacı kəsib, çıxarıb və ya ciddi ziyan vurublar.
TRT Haber
Xəlilli Nigar