Çin Kanadanın Hikvision qərarının ticarətə zərər verdiyini bildirir

Bölmə: Dünya › ,
Tarix: 21:26 30.06.2025

Çin Ticarət Nazirliyi Kanadanın Çin şirkəti Hikvision-un ölkədəki bütün fəaliyyətini dayandırmaq qərarına kəskin reaksiya verib.

 

Nazirlik bildirib ki, bu addım iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığına mənfi təsir göstərir, əlaqələrin yaxşılaşdırılmasını çətinləşdirir və şirkətlərin qarşılıqlı etimadını zədələyir. Pekin Ottavanı bu qərarı dərhal geri çəkməyə çağırıb.

 

Kanadanın sənaye naziri Melani Joli ötən həftə Hikvision-un fəaliyyətinə son verildiyini açıqlayıb. O, bu addımın ölkənin təhlükəsizliyi ilə bağlı aparılan çoxmərhələli araşdırmalardan sonra atıldığını bildirib. Departament və agentliklərdə Hikvision məhsullarının istifadəsinə qadağa qoyulub və mövcud avadanlıqlar da nəzərdən keçirilir.

 

Hikvision dünyanın ən böyük nəzarət avadanlığı istehsalçılarından biri sayılır. Şirkət son illər Çinin uyğur azlığına qarşı həyata keçirdiyi tədbirlərlə əlaqəli ittihamlar fonunda beynəlxalq səviyyədə tənqidlərə tuş gəlib. ABŞ 2019-cu ildə Hikvision-u insan hüquqlarının pozulmasında iştiraka görə qara siyahıya salıb. Kanada-Çin münasibətləri isə son illərdə bir sıra diplomatik gərginliklər, o cümlədən casusluq, seçkilərə müdaxilə və yüksək rütbəli həbslərlə ciddi sınaqlarla üzləşib.


Al Jazeera

Qəmər Kazımzadə