Regionun diqqəti Xankəndiyə yönəlib

Bölmə: Siyasət › ,
Tarix: 22:48 04.07.2025

 

İqtisadi əməkdaşlıq təşkilatının 17 ci Zirvə görüşü Qarabağda keçirilir. 8 lider bu görüşdə iştirak edir.

Xankəndidə keçirilən Zirvə görüşü Qarabağın siyasi mövqeyi, regional əməkdaşlıq və iqtisadi reinteqrasiyası baxımından hansı əhəmiyyətə malikdir?

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı "İnformator.az"a bildirib ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş əraziləri və həmin ərazilərdə yaşayan sivil vətəndaşlarımızı digər şəhərlər kimi dünyaya inteqrasiya etmək məqsədi daşıyır:

 

"Xarici ölkələrin, həmçinin qonşu və tərəfdaş dövlətlərin liderlərinin bu gün Xankəndidə toplanması beynəlxalq inteqrasiya prosesinin inkişafına əyani sübut olub.

 

Bu addım növbəti mərhələlərdə Qarabağın həm beynəlxalq hüququn tələbi olaraq, həm də faktiki şəkildə Azərbaycanın əzəli və əbədi torpağı kimi dünyaya inteqrasiyasının yolunu açacaq.

 

Azərbaycan tərəfinin buradakı əsas siyasi mesajı həm ermənilərə, həm də onlara havadarlıq edən, bu gün də anti-Azərbaycan mövqeyində dayanan bəlli dövlətlərə ünvanlanıb. Bu mesaj ondan ibarətdir ki, Qarabağın işğaldan azad olunması, əldə edilən Zəfər məhz həmin güclərin iradəsinə rəğmən, Azərbaycan əsgərinin süngüsü, bıçağı, qanı və canı ilə reallaşıb. Bütün bu güclərin məkirli siyasətinə baxmayaraq, Azərbaycan öz məqsədinə çatıb və bu da reallıqdır.

 

Dünya liderlərinin Qarabağa toplanması artıq onu göstərir ki, Qarabağ həm əlaqələr qurmaq, həm də daxili və xarici investisiyaların yatırılması baxımından uyğun şəraitə çatıb. Bu, o deməkdir ki, bölgəyə gələn dövlət başçıları ölkələrinə döndükdə Qarabağdakı iqtisadi perspektivlər barədə məlumatlı olaraq, həm öz maraqlarına, həm də Azərbaycanın maraqlarına uyğun ortaq layihələrin hazırlanmasını biznes nümayəndələrinə və ya dövlət şirkətlərinə təklif edəcəklər. Bu istiqamətdə planlar hazırlanacaq və zamanla bu niyyət Qarabağın dirçəldilməsi baxımından uğurlu nəticələr verə bilər.

 

Xarici yatırımların gəlməsi fonunda, dünyaya inteqrasiya prosesi çərçivəsində Qarabağ əlavə iqtisadi dividendlər qazanacaq. Bölgənin potensialı təkcə daxili imkanlarla deyil, xarici inkişaf baxımından da əhəmiyyətli iqtisadi yüksəliş əldə etməyə imkan verəcək".

 

Türkan Kərimli