Suriyanın gerbi də dəyişdirilib

Bölmə: Siyasət › ,
Tarix: 22:39 04.07.2025

 

Suriyanın gerbi dəyişdirilib. Yeni dövlət simvolu Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaranın iştirakı ilə keçirilən tədbirdə nümayiş etdirilib.

Belə ki, dəyişdirilmiş qartal Suriya xalqının tarixinin yeni mərhələsinə keçidə işarə edir, həmçinin suriyalılara xas olan güc və qətiyyəti təcəssüm etdirir.

 

Qeyd edək ki, daha öncə Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən dərhal sonra ölkənin dövlət bayrağı dəyişdirilib.

 

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, milli simvollar, rəmzlər müəyyən məqsədlərlə dəyişdirilib:

 

“Suriyanın bayağının, daha sonra gərbinin də dəyişməsi, milli simvolların, dövlət rəmzlərinin dəyişdirilməsinin bir neçə konkret dəyərləndirməsi mövcuddur. Hər şeydən öncə Əsəd rejimindən qalan bütün sistemin dəyişməsi, həm də bütün rəmzlərin də dəyişməsi kimi qəbul edilə bilər. Əsəd dövründə milyonlarla insan qaçqın vəziyyətinə düşmüşdü. Dövlət vətəndaş müharibəsi vəziyyətində idi. Yeni hakimiyyət həm də insanlara mesaj verir ki, bununla Əsəd dövründə olan heç bir sistem qalmayacaq. Ümumiyyətlə, Əsəd rejimini xatırladan istənilən bir simvol belə qalmayacaq. Onlar tamamilə yeni bir sistem qururlar. Həm də insanların beyinində, düşüncəsində Əsəd dövrünü, keçmiş rejimi xatırladan bütün mənfi izləri silmək istəyirlər. İctimai rəyi həm də bu formada yönəltməyə çalışırlar.

 

İkinci səbəb, əvvəlki gerb Baasların simvolu sayılırdı. Yəni Baas Əsədin atası Hafiz Əsədin dövründən olan partiya idi və Suriyada azlıq olsalar da, Suriyanı idarə edirdilər. Bu idarəçilik 1980-ci ildən bəri davam edirdi. Yəni bu, təkcə Əsədlə bağlı deyil, ümumiyyətlə, Baas rejiminin bütövlükdə Suriyanın tarixindən silinmə məqsədi daşıyır. Təbii ki, burada əsas hədəf həm də yeni bir imic olaraq yaradılmasıdır. Burada ən önəmli məsələlərdən biri isə Əhməd Şaranın, ümumiyyətlə, bu yeni hakimiyyətin Suriyadakı bütün etnik və dini azlıqlar da daxil olmaqla, bütövlükdə Suriya xalqına birliyi mesaj vermək xarakteri daşıyır. Çünki Baas rejimi dövründə, Əsədin dövründə ölkədə xüsusən etnik problem var idi. Bu da ondan qaynaqlanırdı ki, ölkədə azlıq olan nüseyrilər çoxluq olan sünnilər üzərində hakim mövqeyə sahib idilər və Əsəd dövründən də qabaq və hətta Əsəd dövründə dövlət idarəçiliyində bunu düzəltməyə çalışsalar da, Suriyanın dini və etnik tərkibinə baxdıqda, nüseyrilərlə sünni arasında həmişə dini mövzularda da qarşıdurma yaşanırdı, çoxluq sünni bu idarəçiliyi qəbul etmirdi.

 

Yeni hakimiyyətə gəldikdə isə, gerbdə xüsusi olaraq simvollar da var, xüsusən, üç ulduzun yuxarı qaldırılması və s. Orada qartal embleminin üzərində müəyyən mesajlar da verilir və bu da bütün etnik və dini kimliyindən asılı olmayaraq hər kəsin Suriya xalqı olaraq qəbul edildiyini və hər kəsin hüquqlarının qorunacağını mesaj verir. Milli birliyi təmin etmək məqsədi daşıyır. Ümumilikdə isə Suriya üçün yeni bir dövr başlayıb və bu dövrdə hakimiyyətin əsas məqsədi birliyi və ölkənin ərazi bütövlüyünü qorumaqdır. Uzun müddət davam edən vətəndaş müharibəsindən sonra sabit dövrə keçid həm ağrılı, həm də çətin prosesdir”.

 

Lalə Qurbanlı