Prezident Ərdoğan İlham Əliyevlə görüşüb:-“Sülh sazişi Azərbaycanın haqlı tələblərinə cavab verməlidir”

Bölmə: Dünya › ,
Tarix: 22:42 04.07.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb. Görüş İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində baş tutub.

 

Türkiyə Prezidentliyindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyə-Azərbaycan həmrəyliyini “nümunəvi” adlandıraraq, enerji və nəqliyyat sahələrində əməkdaşlığın davam etdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ərdoğan, həmçinin, Türkiyənin Azərbaycan və Ermənistan arasında aparılan hərtərəfli sülh danışıqlarını yaxından izlədiyini bildirib. O, Azərbaycanın haqlı tələblərinə cavab verəcək bir sazişin imzalanmasının vacib olduğunu qeyd edib.

Görüş zamanı regional təhlükəsizlik məsələlərinə də toxunulub. Prezident Ərdoğan İran və İsrail arasında əldə olunan atəşkəsi müsbət qiymətləndirərək, regionda davamlı sülhün bərqərar olmasının hər kəsin marağında olduğunu diqqətə çatdırıb.

Mənbə: TRT Xəbər
Türkan Kərimli