“Azərbaycan-ABŞ əlaqələrini yüksəltmək üçün yaxşı imkanlar var"

Tarix: 22:46 04.07.2025
Bu barədə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubunda bildirilib.
“Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur”, - məktubda vurğulanıb.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanla ABŞ arasında otuz ildən artıq tarixə malik diplomatik münasibətlər mövcuddur:
"Məlumdur ki, Azərbaycanla ABŞ arasında otuz ildən artıq tarixə malik diplomatik münasibətlər mövcuddur və bu da əslində hər iki dövlətin qarşılıqlı əlaqələrdə maraqlı olmasından xəbər verir. Trampın yenidən prezident seçilməsi Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçməsinə imkan verir. Trampın əvvəlki prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədə olub.
Təəssüf ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ABŞ-nin Cənubi Qafqaz siyasəti bir sıra parametrlərə görə birmənalı olmayıb. Belə ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın əleyhinə olan “Azadlığa dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mühüm əngələ çevrilib. Lakin zamanla iki dövlət arasında əlaqələr və siyasi münasibətlər ümummilli lider Heydər Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində bir xeyli yaxşılaşmışdı. Xüsusilə də 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji sahəsindəki mühüm əməkdaşlıq sonrakı mərhələdə münasibətlərin daha da yaxınlaşmasına yol açıb. Bu, həm də ABŞ ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi əməkdaşlıqda əsaslı amilə çevrilib. Nəticə etibarı ilə müasir dövrdə iki ölkə arasında mühüm iqtisadi, siyasi və digər sahələrdə mühüm əlaqələr mövcuddur.
Bu əlaqələr Bayden hakimiyyəti dövründə Ağ evin yanlış siyasəti nəticəsində böhran dövrü yaşasa da artıq problemlər arxada qalıb deyə bilərik. İndi hər iki ölkə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdırlar və əslində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensial da mövcuddur. İkinci bir tərəfdən ABŞ dünya siyasətini müəyyənləşdirən əsas güclərdən biridir və belə bir güclə münasibətlərin inkişaf etdirilməsi, xüsusilə də indiki, yeni dünya düzəninin formalaşma mərhələsində bizim üçün əlavə imkanlar aça bilər. Avropa və Asiya arasında körpü rolunu oynayan ölkəmizin gələcək dövr üçün qlobal əməkdaşlığın inkişafında açar rolunu üstlənəcəyi şübhəsizdir. Bu, Azərbaycanın bütün dünya üçün iqtisadi marağını artırır. Eləcə də, ABŞ qlobal iqtisadi əməkdaşlıqda Azərbaycanın rolunun daha da möhkəmlənməsi üçün mühüm addımlar ata bilər. ABŞ-nin yüksək texnologiyalar sahəsində aparıcı ölkələrdən biri olması bu istiqamətdə əməkdaşlıqda ölkəmiz üçün yeni imkanlar aça bilər".
Səmayə Səftərova