Ukraynada hava hücumu xəbərdarlığı:-MiQ-lər də havalanıb

Tarix: 23:48 04.07.2025
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb ki, Rusiya işğalçı qüvvələri növbəti dəfə pilotsuz təyyarələrlə Ukraynaya hücum edir.Qeyd olunub ki, PUA-lar müxtəlif regionlardakı hədəflərə hücum edir.
Kiyev meri Vitali Kliçko paytaxta da hücumların olduğunu, hazırda hava hücumundan müdafiə qüvvələrinin aktivləşdiyini bildirib.
“Xəncər” raketlərinin daşıyıcısı olan MiQ-31K qırıcılarının havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı edilib.Bu barədə Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Rusiya PUA-ları da Sum, Çerniqov, Poltava, Kiyev, Çerkassı, Xarkov, Kirovoqrad, Dnepropetrovsk vilayətlərində, həmçinin Nikolayev və Odessa sərhədində qeydə alınıb.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, bu hücum Ukraynaya cavab hücumudur:
“Rusiyanın bu hücumu son dönəmin ən güclü hava hücumlarındandır. Bu da Ukraynanın bundan əvvəlki hücumuna cavab idi. Ukraynalılar Rusiyaya təsirli hücum etmişdilər və bir neçə obyekti dağıtmışdılar. Rusiya ərazisi üzərində indi Ukraynalıların bu hücumuna rusların cavabıdır. Dağıntılar var, Rusiyanın bir neçə şəhərinə zərbələr endirilib. Bu, hava savaşıdır, yəni müasir müharibədir. Dronlar müharibəsidir. Bu İkinci Qarabağ müharibəsindən sonra dronların effektivliyi, vacibliyi, ümumiyyətlə, birdən ikiyə, üçə, beşə qalxdı. Rusiya-Ukrayna müharibəsində də bu dron savaşı, raket zərbələri, müdafiə sistemlərinin keyfiyyəti və s. üzə çıxır.
Ukraynanın hava hücumundan müdafiə sisteminin bu hücumlara qarşı kifayət qədər hazır olub-olmadığı məsələsinə gəldikdə isə buna İran-İsrail qarşıdurmasını misal gətirmək olar. Məsələn, on iki günlük İsrail-İran qarşıdurmasında İran İsrailə raketlər vururdu və İsrailin hələ ərazisinə gedib çıxmaq üçün İran raketləri İordaniyada, Suriyada və İraqda yerləşən Amerikanın müdafiə sistemini keçməli idi. Elə olurdu ki, bunları da keçirdi, İsrailin də məşhur dəmir qübbəsini keçirdi və zərbə yerinə gedib çatırdı. Yəni ki, hava zərbələri elə bir şeydir ki, sən çox raket atırsansa, çox zərbə endirirsənsə, bu, istər-istəməz hansınasa dəyəcək. Ümumiyyətlə, Ukraynanın hava müdafiə sistemi dünyada heç də güclü müdafiə sistemlərindən sayılmır. Ona görə də, ukraynalıların maksimum özlərini qorumaq səviyyəsi bu amerikalıların olan hava məkanını qorumağından asılıdır. Baxmayaraq ki, müharibə başlayandan Ukrayna bunu istəyir, Amerika hələ Ukraynanın hava müdafiə sistemini istənilən səviyyədə qurmayıb və görünür ki, hələ qurmaq niyyətində də deyil. Ukraynanın hava məkanı açıqdır. Baxmayaraq ki, ukraynalılar onların Amerika tərəfindən qorunmasını istəyirlər, amma Amerika bunu etmir. Lakin İsrailə edir. Ona rəğmən belə İsrail hava zərbələri alırsa, başa düşmək olar ki, Ukrayna necə vəziyyətdədir”.
Lalə Qurbanlı