Azərbaycanın MDB-dən çıxması məsələsi yenidən gündəmdə-Gərginlik artır, Moskva susur

Tarix: 22:55 04.07.2025
Son zamanlar Rusiya–Azərbaycan münasibətlərində yaşanan gərginlik fonunda Azərbaycanın MDB-dən çıxması məsələsi yenidən gündəmə gəlib. Moskvanın qeyri-konstruktiv davranışı və soydaşlarımıza qarşı zorakılıqlar bu çağırışları daha da gücləndirir.
Azərbaycanın MDB-dən çıxması nə qədər məqsədəuyğundur və bu addım hansı siyasi nəticələrə, eləcə də alternativ əməkdaşlıqlara yol aça bilər?
Mövzu ilə əlaqədar politoloq Turan Rzayev "İnformator.az"a bildirib ki, Rəsmi Bakı Kremlin bu mövqeyinə cavab versə də, indiki mərhələdə daha ciddi addımlar atmağa ehtiyac var:
"Belə addımlardan biri də Azərbaycanın 1993-cü ildən üzv olduğu Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması ola bilər.
Heç kəsə sirr deyil ki, Rusiya əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərini açıq şəkildə pozur. Moskva davamlı olaraq təhdid, təzyiq və hörmətsizlik nümayiş etdirir. Belə bir vəziyyətdə bu platformada qalmaq Bakıya heç bir real fayda vermir.
Azərbaycanın MDB-dən çıxması həm siyasi baxımdan sürpriz olmayacaq, həm də hüquqi baxımdan problem yaratmayacaq. Çünki Bakı təşkilata üzv olsa da, MDB-nin Nizamnaməsini rəsmi şəkildə təsdiqləməyib. Buna görə də bəzi hüquqi məsələlərdə təşkilatda qeyri-tam iştirakçı statusuna malikdir. Bu da göstərir ki, Azərbaycan MDB-ni siyasi inteqrasiya vasitəsi kimi qəbul etməyib və öz mövqeyini milli maraqlar çərçivəsində iştirak prinsipi ilə əsaslandırıb. Son proseslər fonunda ölkəmizin bu birliyə formal və simvolik bağlılığı da mənasını itirir.
MDB-nin hazırkı funksionallığı yalnız Azərbaycan üçün deyil, digər üzv ölkələr üçün də sual doğurur. Qurum nə siyasi, nə də iqtisadi baxımdan effektiv inteqrasiya modeli təklif edə bilmir. Üzv dövlətlərin çoxu maraqları ilə ziddiyyət təşkil edən qərarlardan yayınır. Eləcə də Gürcüstan və Ukrayna kimi ölkələrin təşkilatdan uzaqlaşması MDB-nin gələcəyini şübhə altına alır".
Həmçinin ekspert bildirib ki, Rusiya ilə münasibətlər istənilən halda saxlanılmalıdır:
"Azərbaycan hər zaman açıq qarşıdurma siyasətindən uzaq olub. Lakin bu, Bakının suveren qərarlarını şübhə altına almağa, ölkə vətəndaşlarının hüquqlarını pozmağa və siyasi təzyiq göstərməyə əsas vermir. Rusiya ilə münasibətlərin tənzimlənməsi MDB çərçivəsində iştirakdan daha çox ikitərəfli diplomatik kanallar vasitəsilə mümkündür və bu, daha effektiv ola bilər.
Azərbaycanın son illərdə izlədiyi xarici siyasət kursu balanslaşdırılmış, suverenliyə əsaslanan və çoxqütblü əməkdaşlıq modelidir. Bu da MDB-dən çıxmaq qərarını daha real və məntiqli edir. Xüsusilə Türk Dövlətləri Təşkilatında (TDT) fəallaşma, Çin və Avropa İttifaqı (Aİ) ilə əlaqələrin inkişafı, NATO və Qərb institutları ilə ehtiyatlı, lakin sistemli əməkdaşlıq Bakının alternativ platformalara çıxış imkanlarını artırıb. Müstəqilliyin ilk illərində belə bir qərar təcrid riski yaradardı, amma bu gün Bakı yeni tərəfdaşlıq müstəvilərində daha sərbəst hərəkət edə bilir.
Azərbaycanın MDB-dən çıxması üçün hazırda həm ictimai rəy, həm də geosiyasi zəmin mövcuddur. Moskva Bakı ilə münasibətləri bərpa etmək istəsə belə, bu prosesi başlatmaq üçün sözügedən təşkilatdan çıxmaq zəruridir".
Türkan Kərimli