Azərbaycan hərbi pilotlarının qatıldığı "Anadolu Qartalı-2025” beynəlxalq təlimi başa çatıb

Bölmə: Siyasət › ,
Tarix: 19:33 04.07.2025

Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Qartalı-2025” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

 

"İnformator.az" xəbər verir ki, 15 gündür davam edən manevrə Azərbaycan Hava Qüvvələrindən 65 şəxsi heyət və 2 "SU-25" qırıcısı iştirak edib.

 

Təlimdə texniki heyət aviasiya vasitələrini hazır vəziyyətə gətirdikdən və son yoxlamaları apardıqdan sonra Azərbaycan hərbi pilotları aviabazadan qrup şəklində uçuşlar həyata keçirib. Onlar Hava kəşfiyyatının aparılması, hava üstünlüyünün əldə olunması, şərti hədəflərin məhv edilməsi və digər tapşırıqları yerinə yetiriblər. Plana uyğun olaraq, Azərbaycan hərbi pilotları hava-hava, hava-yer təyinatlı tapşırıqların icrası ilə yanaşı, Türkiyə HHQ-sinin aviasiya heyətləri ilə birlikdə uçuşlar da həyata keçiriblər.

 

Qeyd edək ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak ediblər.


Bundan başqa, Malayziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində Türkiyədə "Anadolu Qartalı-2025” beynəlxalq taktiki-uçuş təlimi izləyiblər.