ABŞ-nin müvəqqəti işlər vəkili Ukrayna XİN-ə dəvət olunub

Bölmə: Siyasət › ,
Tarix: 22:37 04.07.2025

 


Amerikalı diplomata Rusiyanın işğalına qarşı mübarizə üçün Ukraynaya hərbi yardımların davam etdirilməsinin vacibliyi xatırladılıb. Qeyd edək ki, Vaşinqton bəzi raket və digər silah-sursatların Ukraynaya göndərilməsini dayandırıb.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Ukraynaya dəstək məsələsində Qərb ölkələrinin artıq parçalandığının şahidi oluruq:


"Ukrayna hazırda müharibədə tam şəkildə kənardan gələn dəstək və yardımlara ehtiyac duyur. Onun özünün strateji resursları demək olar ki, tükənmək üzrədir. Birincisi, Rusiyanın artilleriyası, dronları və pilotsuz uçuş aparatları ilk növbədə Ukraynanın hərbi sənaye kompleksinin istehsal gücünü sıradan çıxarıb. Digər tərəfdən, əhalidə ciddi qorxu hökm sürür. İnsanlar tədricən şəhərləri tərk edərək daha sakit bölgələrə – kəndlərə çəkilirlər ki, təsadüfi ölümlərdən sığortalansınlar. Eyni zamanda, Ukraynaya dəstək məsələsində Qərb ölkələrinin artıq parçalandığının şahidi oluruq. Əvvəllər, xüsusilə də Joe Bidenin prezidentliyi dövründə "kollektiv Qərb" anlayışı daha real idi. ABŞ, Avropa İttifaqı və Qərbi Avropa birgə və koordinasiyalı hərəkət edirdilər. Lakin zaman keçdikcə bu birlik zəifləyib.

 

Bəzi iddialara görə, Biden Rusiyanın maraqlarına uyğun hərəkət edir və Putinlə gizli razılaşmaları mövcuddur. Bu rəsmi şəkildə sübut olunmasa da, atılan addımlar belə bir ehtimalı gündəmə gətirir. Hər halda, Tramp hakimiyyətə gəldikdən sonra daha sərt və praqmatik yanaşma nümayiş etdirir. O, verilən yardımların ABŞ-yə hansı mənfəətlə qayıtdığını sorğulayır və bu səbəbdən də Ukraynaya dəstəyin məhdudlaşdırılacağı ehtimalı artır. Belə bir vəziyyətdə Ukrayna Prezidenti Volodimir Zelenski çox ciddi risklərlə üz-üzədir. Ölkə daxilində bir çoxları müharibənin perspektivsiz olduğunu düşünür. Digər tərəfdən isə bəllidir ki, Qərb – xüsusilə Avropa – bu müharibə vasitəsilə Rusiyanın resurslarını tükətmək istəyir. Ancaq əslində, vəziyyət tərsinə də işləyir. Rusiya həm Avropanın, həm də Amerikanın resurslarını istifadə etməyə məcbur edir və göstərir ki, özünü müdafiə etmə gücündədir. Rusiyanın hərbi sənaye kompleksi Ukraynadan qat-qat güclüdür. Orada gecə-gündüz istehsalat davam edir və bacarıqlar artırılır. Bu sahədə əsas güc Rusiyanın zavod və fabriklərində cəmlənib.


Amerikanın isə vədlərinə sadiq qala bilmədiyi görünür. Vaşinqtonun Ukraynaya tam və ardıcıl dəstək verməsi hələ məlum deyil. Müharibəni heç kim dayandıra bilmir, digər tərəfdən isə silah və sursat vermək istəmirlər. Yəni, bir növ hər kəs məsuliyyətdən yayınır, özünü kənara çəkir. Donald Trump isə ümidlidir ki, Rusiya Prezidenti Vladimir Putinlə yalnız Ukrayna ilə bağlı deyil, Çin, İran və Şimali Koreya ilə də daha geniş mövzularda razılıq əldə edəcək. O, bu məsələlərdə özünün şəxsi diplomatik kanallarına güvənir.


Düşünürəm ki, ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması əslində Rusiyaya bir mesajdır. Bu, “mən səninlə danışıqlara hazıram” deməyin başqa bir formasıdır. Bu həm də ABŞ-nin dünyada baş verən böyük proseslərə yanaşmasında diyaloga önəm verməsinin göstəricisidir. Eyni zamanda, bu qərar Avropaya da bir siqnaldır. Avropa ölkələrinin silah ehtiyatları da tükənməkdədir və onların istehsal gücü mövcud tələbatı ödəmək üçün yetərli deyil. Bu səbəbdən Avropada Rusiyaya qarşı ayrıca silahlı qüvvələrin yaradılması məsələsi gündəmdədir. Bu, son sammitlərdə, o cümlədən Avropa İttifaqının 100 illik toplantısında və Kanadada keçirilən görüşlərdə də müzakirə olunub. Hazırda bu ordunun necə formalaşacağı, hansı mexanizmlərlə fəaliyyət göstərəcəyi hələ aydın deyil. Trampın NATO ilə bağlı mövqeyi də diqqətəlayiqdir, o, Avropa ölkələrinin hərbi xərclərə 5%-i qədər vəsait ayırmasını tələb edib. Amma bu da kifayət deyil. Avropa həmin öhdəlikləri yerinə yetirsə belə, praktiki güc göstərmək və bu mürəkkəb prosesi idarə etmək çətin olacaq. Bu gün artıq Ukrayna ilə bağlı "yorğunluq sindromu" hiss olunmaqdadır. Həm Avropa, həm ABŞ, həm də Ukrayna xalqı bu uzun sürən müharibədən yorulub. Rusiyada da vəziyyət ideal deyil, daxili sosial və iqtisadi problemlər mövcuddur. Lakin Kreml müharibəni davam etdirməkdə israrlıdır. Moskva istəyir ki, Ukraynanı tamamilə çökdürsün, daha sonra isə Qara dəniz sahillərinə çıxaraq, Nikolayev və Odessa bölgələrini ələ keçirsin. Əgər bu hal baş verərsə, Ukrayna üçün əsl fəlakət olar. Ukraynanın dənizlərə çıxışı bağlanar və dövlət kimi gələcəkdə mövcudluğu yox olar".

Səmayə Səftərova