ABŞ-İran münasibətlərində dönüş nöqtəsi yaxınlaşır?

Bölmə: Dünya › ,
Tarix: 22:03 04.07.2025

“İranla danışıqlarda birbaşa iştirak edəcəyəm.Zərurət yaranarsa, İranla danışıqlarda iştirak etməyə hazıram”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, Vaşinqton Tehrana daha çox ziyan vurmaq niyyətində deyil.

“İran danışmaq istəyir. Düşünürəm ki, onlar mənimlə danışmaq istəyirlər və bunun vaxtı çatıb. Yəni, onların görüşmək istədiklərini bilirəm. Lazım gələrsə, bunu edəcəm. Amma Stiv Uitkoff İranla danışıqlarda dərindən iştirak edir. Və o, fantastik iş görür”, - Tramp qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın “lazım gələrsə, danışıqlarda birbaşa iştirak edəcəyəm” açıqlaması Vaşinqtonun İranla təmas strate­giyasına yüksək siyasi çəki əlavə etmək niyyətini göstərir:

 

“İndiyə qədər prosesi xüsusi elçi Stiv Vitkoff aparıb. Trampın özünün masaya oturacağını bəyan etməsi Tehran üzərində psixoloji təzyiqdir və danışıqların nəticəsiz qalacağı təqdirdə “sərt xəttə” qayıtmaq üçün əlavə səbəb yaradır. Bunun real addıma çevrilmə ehtimalı kifayət qədər yüksəkdir. Çünki Ağ Ev son həftələrdə hərbi eskalasiyanı dondurub. Diplomatiyanın son pəncərəsinə investisiya etdiyini vurğulayır. Tehran tərəfdən baxanda, Ali Rəhbər Xameneyinin son çıxışları birbaşa ABŞ-İran görüşünə prinsipial etiraz səsləndirmir. Əsas şərt nüvə proqramı üzərində tam məhdudiyyət deyil, mərhələli sanksiya yüngülləşməsidir. İranda sərt xətt mövqeyi güclü qalsa da, iqtisadi və hərbi təzyiq ölkə rəhbərliyini taktiki danışığa açıq edir. Beləliklə, rəsmi səviyyədə Vaşinqtonla üzbəüz oturmaq mümkündür, amma rejim daxildə “imtiyazlı güzəşt” görüntüsündən qaçmağa çalışacaq və ilkin mərhələdə Vitkoff kanalı üzərindən dialoqu üstün tutacaq”.

 

Politoloq qeyd edib ki, danışıqlar baş tutsa, bölgədə gərginliyin azaldılması üçün mühüm dönüş nöqtəsi yarana bilər:

 

“Əvvəla, Körfəz enerji bazarındakı dalğalanma yumşalar, dəniz daşımaları üzrə sığorta xərcləri düşər. Brent markalı neftin qiymətində təzyiq aşağı enə bilər. İkincisi, İran-İsrail qarşıdurmasının yeni hərbi fazaya keçmə riski azalacaq. Livan, Suriya və Yəməndəki proksi toqquşmaların intensivliyi də ehtimalən aşağı düşər. Üçüncüsü, ABŞ ilə İran arasında minimum etimad kanalı açılarsa, Səudiyyə-İran münasibətlərində vasitəçilik və regiondaxili ticarət layihələri sürətlənə bilər. Bununla yanaşı, Vaşinqton Tehrana geniş iqtisadi güzəştlər verərsə, ABŞ Konqresində və bəzi Avropa paytaxtlarında daxili tənqid artacaq, İsrail isə potensial “təhlükəsizlik boşluğundan” narahat ola bilər. Yəni dialoqun uğuru bölgəni sabitləşdirə bilər. Amma paralel olaraq yeni siyasi hesablara və regional güc balansının yenidən qurulmasına yol açar”.

 

Nuray Əliyeva