İsrail bölgədə sülhə və sabitliyə təhdid yaradır-Ərdoğan

Bölmə: Dünya › ,
Tarix: 21:36 04.07.2025

İsrailin hazırkı hökuməti dövründə artan aqressiv siyasəti bölgədə sülhə və sabitliyə ciddi təhdid yaradır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində çıxışı zamanı bildirib.

 

Dövlət başçısı vurğulayıb ki, Türkiyə nə Fələstin məsələsində dəstəkdən imtina edə bilər, nə də Netanyahunun hökumətinin regionu qan gölünə çevirməsinə səssiz qala bilər.

 

Türkiyə lideri Qəzza zolağında İsrailin vəhşiliklərini dayandırmaq üçün birgə səylərə çağırıb. O, xatırladıb ki, 2023-cü ilin oktyabrından bəri davam edən İsrail təcavüzü nəticəsində Qəzzada 57 mindən çox fələstinli həyatını itirib.

 

Ərdoğan İsrailin İrana qarşı son hücumuna da münasibət bildirib və qeyd edib ki, Ankara bu münaqişənin regiona yayılmasının qarşısını almaq üçün ciddi səylər göstərib.

 

Anadolu Agency

Ayan Əsgərova