Slovakiya AB-nin Rusiyaya qarşı 18-ci sanksiya paketini niyə blok edib?

Bölmə: Siyasət › ,
Tarix: 12:25 10.07.2025

Slovakiya yenə Rusiyaya qarşı sanksiyalara etiraz etdi. Slovakiya növbəti dəfə Avropa Birliyi (AB) tərəfindən Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbuluna mane olub. Bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, paketlə bağlı kompromis yaxın günlərdə əldə oluna bilər.

 

Qeyd edək ki, bundan öncə iyulun 5-də Slovakiya AB-nin Rusiyaya qarşı daha bir sanksiyalar paketinin qəbuluna qarşı çıxıb.

 

Mövzu ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "İnformator.az"a açıqlamasında bildirib ki, bu mövqe AB daxilində siyasi parçalanma riskini artırmır:

 

"Daha doğrusu, parçalanma üçün əsas yaratmır. Qurum daxilində anlaşılmazlıqlar və boşluqlar ölkələrin maraqlarının nəzərə alınması məsələsini ön plana çıxarır. Hesab edirəm ki, bu tip məsələlər Avropa Birliyinin güclənməsinə də töhfə verə bilər. Bu həm də onu göstərir ki, Avropa Birliyi hər hansı dövlətin nəzarəti altında olan bir qurum deyil. Qurum istənilən sanksiyanı və ya aksiyanı başlatmazdan əvvəl üzv ölkələrin mövqelərini və maraqlarını nəzərə almalıdır.

 

Bu baxımdan, Rusiyaya qarşı hələlik bloklanan 18-ci sanksiyalar paketinin qəbul olunmaması bunu bir daha nümayiş etdirdi. Slovakiya bu sənədin qəbuluna razılıq vermədi. Bunun səbəbi siyasi deyil, daha çox ölkənin iqtisadi maraqları ilə bağlıdır. Slovakiya özəl şirkətlərin mənafelərini, ölkəyə dəyən ziyanı və neft tələbatının ödənməsi məsələlərini önə çəkir.

 

Bu, zahirən Rusiyanı müdafiə etmək kimi görünə bilər. Amma eyni zamanda bu, Slovakiyanın AB daxilində öz hüquq və iqtisadi maraqlarını qorumasının bir təzahürüdür".

 

 

Aytən Ağazadə