ABŞ Suriyadakı qoşunlarının sayını azaltmaq niyyətindədir

Tarix: 11:59 14.07.2025
"ABŞ Suriyada hərbi varlığını əbədi saxlamaq niyyətində deyil".
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri, Ağ Ev rəhbəri Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak "Anadolu" agentliyinə deyib.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Suriyada vəziyyəti əsasən İran və İsrail gərginləşdirirdi:
"İranın Suriyadakı varlığı artıq bitib, İsrail ilə də Azərbaycanın vasitəçiliyindən istifadə edərək danışıqlar aparılacaq. Həmçinin Türkiyə ciddi şəkildə Suriyadakı vəziyyəti nəzarətdə saxlayır. Bölgədə Türkiyənin üstünlüyü xeyrinə balans dəyişir. İsraillə normal münasibətlərin qurulmasında Suriya, hətta Türkiyə də maraqlıdır. PKK-nın ləğvi Suriyadakı silahlı dəstələrin demək olar ki, tərksilah olmasına gətirib çıxaracaq. Suriya ordusu yenidən qurulur və düşünürəm ki, əgər İsrail ilə münasibətlər nizama salınsa Suriyada xarici hərbi qüvvənin qalmasına ehtiyac qalmayacaq. Əgər zərurət yaranarsa Türkiyə öz dəstəyini göstərə bilər. ABŞ-nin qoşunları Suriyadan çıxarması tədricən baş verəcək. Əgər İsrail ilə Suriya və Türkiyə arasında normal münasibətlər bərpa olunarsa ABŞ-nin siyasi dairələri İŞİD-in Suriyadakı varlığını dondura bilərlər. Suriyanın nizami ordusu formalaşandan və Türkiyənin bazaları da qurulandan sonra artıq heç bir radikal qrup Suriyada baş qaldıra bilməz. Suriyada ümumi vəziyyəti əvvəlki hakimiyyətin zamanda İran və İsrail qarışdırırdı, Rusiya və ABŞ da öz maraqlarına uyğun olaraq tərəflərin tərəfi kimi çıxış edirdilər. Lakin hazırda İran və Rusiya Suriyaya təsir qüvvəsinə malik deyil. ABŞ-nin Suriyada varlığı yalnız vəziyyəti gərginləşdirməyə xidmət edir. Odur ki, Suriyada ABŞ-nin yerini Türkiyə tutacaq".
Fatimə Heydərova