Tramp dünyanı dəyişmək üçün "Dəli Adam Teoriyası"ndan istifadə edir

Bölmə: Siyasət › ,
Tarix: 12:01 14.07.2025

ABŞ Prezidenti Donald Tramp ötən ay ona İsrailin tərəfində İrana hücum edib-etməyəcəyi sual verildikdə, belə cavab vermişdi: "Bunu edə bilərəm. Etməyə də bilərəm. Nə edəcəyimi heç kim bilmir".

 

Tramp, İranın danışıqlara qayıtması üçün iki həftəlik möhlət verdikdə, bu fikrə dünyanı inandıra bildi.
Lakin bu sözlərə baxmayaraq, bir neçə gün sonra İranı bombaladı.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, bir müddətdir ki, ABŞ etibarlı tərəfdaş statusunu itirib:

 

"Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra dünya dövlətləri, xüsusi ilə ABŞ-nin müttəfiqləri NATO üzrə tərəfdaşları ABŞ-yə güvənmədiklərini qətiyyən gizlətmirlər. Ona görə də NATO üzvü olan Avropa dövlətləri indiyə qədər ABŞ-nin himayəsində olan müdafiə sistemini dəyişmək niyyətindədirlər. Hesab edirlər ki, bu müdafiə sistemi Avropa dövlətlərinin özünün resursları və hərbi imkanları hesabına təmin olunmalıdır. Ona görə də Avropa hazırda yeni bir müdafiə sistemi qurmağa çalışır. Avropanın təhlükəsizliyini tamamilə fərdi şərtlər altında təyin etməyə çalışır. Təbii ki, bu onu göstərir ki, ABŞ artıq Avropa Birliyində də ciddi tərəddüdlər yaradıb və Avropa Birliyi ölkələri ABŞ-yə güvənmir. Bu situasiyanın yaranmasının əsas səbəbkarı məhz Donald Trampdır. O praqnozlaşdırılmayan bir adam olduğunu bütün dünyaya sübut edib. Yəni nə vaxt nə edəcəyi və necə edəcəyi bəlli olmayan bir adamdır. Ola bilər ki, bu gün bir söz desin və sabah onun əksini reallaşdırsın".

 

Politoloq həmçinin əlavə edib ki, hazırda dünyada "Donald Tramp" problemi ortaya çıxıb:


"Əsasən də, ABŞ dedikdə hər kəs Trampı təsəvvür edir. Çünki ABŞ-nin Prezidenti özündən əvvəlki dövlət başçılarından tamamilə fərqli baxışlara malik olduğunu bütün dünyaya göstərdi. Demək olar ki, Donald Trampın siyasətində diplomatiya mövcud deyil. Onun hədəfləri ABŞ-yə maraqlar sistemi müəyyənləşdirmək və onun üzərindən xarici siyasət kursu hazırlamaqdır. Bütün hədəflər də iqtisadi məzmun daşıyır. İqtisadi maraqlara nail olmaq üçün isə ABŞ-nin dünya üzərindəki güclü təsir mexanizmlərindən istifadə olunur. Ona görə də hazırda dünyanın heç bir dövləti özünü təhlükəsiz hesab edə bilməz. Hətta Tramp bu gün dost və müttəfiq hesab etdiyi dövlətlərə qarşı təzyiqlər göstərə bilər. Təbii ki, bütün bunlar onu göstərir ki, bundan sonra ABŞ-yə, xüsusi ilə Tramp administrasiyasının hakimiyyətdə olduğu dönəmdə münasibət çox ehtiyyatlı bir taktika üzərindən müəyyənləşdirilməkdə davam edəcək. Çünki heç bir dövlət öz gələcək taleyini və təhlükəsizliyini riskə ata bilməz. İndiyə qədər ABŞ-nin ənənəvi müttəfiqi hesab olunan heç bir dövlət tam əmin ola bilməz ki, təhlükəli məqamda ABŞ onun dəstəyinə gələcək və ya müdafiə etməyə həvəs göstərəcək. Bu baxımdan dünyada "Tramp" faktoru mövcuddur və bu yalnız ABŞ-nin rəqibləri hesab olunan dövlətlərə deyil, elə ABŞ-nin özünə də ciddi problemlər yaradır. Çünki bir çox dövlətlər ABŞ-dən uzaqlaşırlar və ya ABŞ-dən avtanom fəaliyyət sferasını müəyyənləşdirməyə çalışırlar. Bu da yaxın gələcəkdə ABŞ üçün olduqca ciddi problemlər yarada bilər".

 

Fatimə Heydərova