İxtisas seçimi zamanı abituriyentlərə psixoloji dəstək

Bölmə: Sosial › ,
Tarix: 16:15 18.07.2025

İxtisas seçimi mərhələsi yaxınlaşdıqca, abituriyentlər ciddi qərarlar qarşısında qalırlar. Bu proses təkcə akademik deyil, həm də psixoloji baxımdan çətinliklərlə müşayiət olunur. Belə bir mərhələdə psixoloji dəstək və valideyn dəstəyi olduqca vacib rol oynayır. Doğru yanaşma, anlayış abituriyentin daha doğru qərar verməsinə kömək edə bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirib ki, ixtisas seçimi dövrü abituriyent üçün həyatda önəmli dönüş nöqtəsidir və bu mərhələdə psixoloji dəstək onun daxili dünyasını başa düşmək, qərarvermə bacarığını inkişaf etdirmək və gələcəklə bağlı narahatlıqları idarə etmək baxımından bir sıra məsələlər vacibdir:

 

"Valideynlərin bu mərhələdəki dəstəyi övladların özünəinamına və sağlam qərar vermə qabiliyyətinə birbaşa təsir göstərir. Valideynlərə tövsiyə olunur ki, övladlarının maraqlarını və istəklərini anlamağa çalışsınlar. Onları dinləmək və öz fikirlərini məcbur etmədən bölüşmələrinə dəstək vermək lazımdır.

Valideynlər övladlarının yerinə qərar vermək əvəzinə, onlara düşünmək və analiz etmək imkanı verməlidirlər.

Nə çox sərbəst, nə də çox müdaxiləçi olmaq lazımdır, balanslı yanaşma daha sağlam nəticələr verir.

Valideynlərin həddindən artıq müdaxiləsi və ya təzyiqi abituriyentlərdə bir sıra psixoloji fəsadlara səbəb ola bilər: gənclər bəzən valideynlərini razı salmaq üçün öz maraq və qabiliyyətlərinə uyğun olmayan sahələri seçirlər. Abituriyent, sonradan yanlış sahədə olduğunu dərk etdikdə, təhsilə və həyata olan motivasiyasını itirə bilər. Təzyiqlər ailə münasibətlərində narazılığa və emosional uzaqlaşmaya səbəb ola bilər. Daim qərarlarının doğru olmadığını eşidən bir gənc, gələcəkdə də öz seçimlərinə güvənməkdə çətinlik çəkə bilər".

 

Nigar Həsənzadə