Ruslar Xarkova 14 dəqiqə ərzində 16 zərbə endirib

Tarix: 18:19 18.07.2025
Rusiya qüvvələri Xarkova dronlarla hücum edib. 14 dəqiqə ərzində ruslar şəhərə 16 zərbə endirib.Bu barədə Xarkov meri İqor Terekov məlumat verib.Onun sözlərinə görə, Xarkovun Kiyev rayonu rusların hücumuna məruz qalıb:
“Şəhərə “Şahid” PUA-larının gecə hücumu 14 dəqiqə davam edib. Bu müddət ərzində düşmən Xarkov şəhərinin Kiyev rayonuna 16 dəfə zərbə endirib. Həmçinin, ilkin məlumata görə, Ukrayna Müdafiə Qüvvələri tərəfindən düşmənin bir neçə PUA-sı vurulub”.
Bundan əvvəl Terekhov bildirib ki, düşmən Xarkovda mülki müəssisəyə hücum edib. Hadisə yerində yanğın baş verib.
Mövzu ilə bağlı politoloq Fuad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna məsələsi kifayət qədər ciddi aktuallıq və əhəmiyyət kəsb edir:
“Uzun müddət ərzində bu mövzu gündəmdə olacaq və biz orada baş verən proseslərdən, xüsusilə də bu böhranın ətrafında yaşanan hadisələrdən ciddi dərslər çıxarmalı olacağıq.
Ümumiyyətlə, Rusiya heç vaxt müharibə qaydalarına əməl etməyib, heç bir hərbi əməliyyatda bu qaydaları nəzərə almayıb. Mülki əhalinin hərbi əməliyyatlar zamanı zərər görməməsi üçün beynəlxalq konvensiyaların tələb etdiyi hüquqi normalar Rusiyanın diqqətindən hər zaman kənarda qalıb.
Digər tərəfdən, Rusiya silahlarının dəqiqliyi də özlərinin təqdim etdiyi kimi yüksək deyil. Təbii ki, bütün silahlar dağıdıcıdır, lakin bu silahlar yüksək dəqiqliyə malik deyil. Buna görə də, hər hansı hərbi və ya inzibati əhəmiyyətə malik obyekt hədəfə alınsa belə, mülki obyektlər ciddi şəkildə bu hücumların qurbanına çevrilə bilər.
Üstəlik, Rusiya elə bir dövlətdir ki, onu idarə edən hakimiyyətlər nə insan hüquqlarına, nə müharibə qaydalarına, nə də hərbi əməliyyatların mümkün qədər insan təlafatı olmadan həyata keçirilməsinə önəm vermir. Onların məqsədi həm hərbi, həm də siyasi maraqlara çatmaqdır. Ona görə də bu proseslərdə humanitar məsələlər ikinci plandadır.Təsadüfi deyil ki, Rusiya hakimiyyətləri ən yüksək səviyyədə belə bəyan edir ki, Rusiya hərbçilərinin çəkməsi hansı ərazidədirsə, ora artıq Rusiya sərhədləridir və Rusiyanın sərhədləri heç vaxt bitmir”.
Ekspert qeyd edib ki, rusların Xarkova intensiv hücumlar təşkilində ciddi səbəblər var:
“Birinci səbəb şəhərin coğrafi mövqeyi ilə bağlıdır. Xarkov Rusiyaya çox yaxın bir şəhərdir — təxminən 20-40 kilometr məsafədə yerləşir. Bu baxımdan, Rusiya üçün hərbi əməliyyatlar üçün çox əlçatan bir ərazidir.Eyni zamanda Xarkov çox böyük şəhərdir. Ukrayna şəhərləri sırasında mühüm yer tutur. Buna görə də Xarkovu hədəfə almaq Rusiyanın strateji planlarının əsas elementlərindən biridir.
İkinci səbəb isə şəhərin iqtisadi və sənaye əhəmiyyəti ilə bağlıdır. Xarkov Ukraynanın sənaye və texnologiya mərkəzlərindən biri sayılır. Orada müxtəlif sənaye müəssisələri, texnoloji obyektlər, xüsusilə də maşınqayırma sektorunun ciddi hissəsi yerləşir. Bu baxımdan şəhər həm iqtisadi, həm də strateji əhəmiyyətə malikdir.
Üçüncü səbəb Xarkovun ölkə daxilindəki təsir gücüdür. Əgər səhv etmirəmsə, Xarkov Kiyevdən sonra Ukraynanın ikinci ən böyük şəhəridir. İkinci şəhər kimi ruslar bu şəhəri hədəf seçməklə həm xalqın döyüş ruhunu sarsıtmaq, həm də ölkə daxilində hakimiyyətə qarşı ictimai təzyiqləri gücləndirmək məqsədi güdürlər. Bu, Ukrayna xalqının mənəvi gücünü zəiflətmək üçün düşünülmüş bir addımdır.
Dördüncü amil isə hərbi strategiyadır. Xarkov Ukraynanın şimal-şərq sərhədinə yaxın yerləşir. Rusiya üçün bu bölgədə hərbi əməliyyatları təşkil etmək daha asandır. Ordusunun təchizatını sürətli şəkildə təmin edə, hərbi qüvvələrini daha effektiv şəkildə yerləşdirə bilir. Bu isə Ukrayna ordusunun digər cəbhələrdə müdafiə qabiliyyətini zəiflətmək üçün əlavə təzyiq yaradır”.
Politoloq hava hücumundan müdafiə sistemi PUA-ları tamamilə vura bilməməsi haqqında qeyd edib:
“Bununda müxtəlif səbəbləri var. Ümumiyyətlə, son illərdə bir çox regional müharibələrdə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması əməliyyatlarında dron texnologiyası kifayət qədər effektiv nəticələr verib. Lakin Rusiya bu yeni döyüş formatına texnologiya ilə müharibə aparmaq modelinə gec uyğunlaşıb.Ukraynaya qarşı hərbi müdaxilə başlayanda Rusiyanın müasir dron imkanları yox idi. İranın dəstəyi ilə "Şahid" tipli dronlar Rusiya ordusuna verildikdən sonra ruslar müxtəlif şəhərlərə və bölgələrə dron hücumları təşkil etməyə başladılar. Bu gün həmin taktika davam etdirilir.Kifayət qədər dağıntılar yarada bilib və bu baxımdan Rusiya ordusu artıq İrandan aldığı “Şahid” dronlarını həm də modifikasiya etmək imkanı qazanıb. Yəni uzun müddətdir ki, onlar bu dronları öz müəssisələrində dəyişdirərək daha səmərəli istifadə edə biləcəkləri formada tətbiq edirlər.
PUA-larla həyata keçirilən hava hücumları hücuma məruz qalan tərəfin hava hücumundan müdafiə sistemini kifayət qədər yükləyir. Müdafiə sistemləri məhdud sayda hücumların qarşısını almaqda daha effektiv ola bilir. Çünki burada müəyyən qədər radarlardan və preventiv imkanlardan yayınmağı bacaran xüsusiyyətlər mövcuddur. Xüsusilə də hündürlük məsələsində bu dronlar tənzimlənir. “Şahid” dronları nisbətən aşağı hündürlükdə uçduğu üçün radarlar tərəfindən asanlıqla aşkarlanmır.
Bundan əlavə, bu dronların maya dəyəri də kifayət qədər aşağıdır. Ucuz olduğuna görə kütləvi şəkildə istehsal edilərək müharibədə geniş tətbiq olunur. Artıq bu dronlar İranın göndərdiyi orijinal formada deyil, Rusiya tərəfindən modifikasiya olunmuş şəkildə həm istifadə edilir, həm də istehsal olunur.Bu baxımdan Ukraynanın hava hücumundan müdafiə resursları bütün hücumların qarşısını ala bilmir, onların hamısını radar vasitəsilə müəyyənləşdirə və preventiv olaraq zərərsizləşdirə bilmir. Xarkovu hədəf seçən Rusiya əsasən kütləvi dron hücumları həyata keçirməklə Ukraynanın hava hücumundan müdafiə sistemini çətin vəziyyətə salmağa çalışır və buna müəyyən qədər nail olur. Nəticədə həm texniki dağıntılar, həm də insan tələfatı müşahidə olunur”.
Fuad Həsənov hücumların Xarkovun infrastrukturuna təsiri haqqında bildirib ki, dağıntılar kifayət qədər ciddi təsir göstərir:
“İnkişaf edən hər bir regionda yaşayış məntəqələri, şəhərlər, qəsəbələrdə insanların istifadə etdiyi böyük müəssisələr, ticarət mərkəzləri, xidmət müəssisələri, sənaye obyektləri və mülki əhəmiyyətli infrastruktur mövcuddur. Bütün bunlar hədəfə çevrilir.
İki əsas faktoru qeyd etmək lazımdır. Birincisi, Rusiya üçün “müharibə qanunları” anlayışı yoxdur. Qarşı tərəfi bütövlükdə düşmən kimi qəbul edir və mümkün qədər itkilərə səbəb olmağa çalışır. Bu səbəbdən yalnız hərbi deyil, mülki obyektlər də hədəfə alınır. İkincisi, istifadə olunan silahların dəqiqliyi kifayət qədər aşağıdır, bu da mülki itkilərin sayını artırır.
Davamlı hücumlar Xarkovun infrastrukturuna dərin təsir göstərir, iqtisadi və sosial aktivliyi çətinləşdirir. Elektrik enerjisi müasir həyatın əsas resursudur və bu hücumlar nəticəsində elektrik xətləri zədələndiyinə görə ciddi kəsintilər baş verir. Xüsusilə axşam saatlarında işıqsız qalmaq, normal həyatın iflic olmasına səbəb olur. Generatorlar isə bu problemin tam həllini təmin edə bilmir.
Eyni zamanda logistika və nəqliyyat sektoru da zərbə altındadır. Avtobus, taksi, metro, dəmir yolu nəqliyyatı hücumların təsirinə məruz qalır. Nəticədə əhalinin hərəkəti, yardımların çatdırılması çətinləşir. Yaralıların təxliyəsi, tibbi yardımların, qida məhsullarının çatdırılması mümkün olmur.Tibb müəssisələri də tez-tez hədəfə alınır. Təcili yardım xidmətləri işini görməkdə çətinlik çəkir, yaralananlara vaxtında yardım göstərilə bilmir. Digər vacib məsələ isə psixoloji təsiridir. Ukrayna xalqı tarix boyu çox ağır sınaqlardan keçsə də, psixoloji baxımdan hər kəs fərdi şəkildə təsirlənir. Xüsusilə gecə saatlarında edilən hücumlar insanlarda daha çox qorxu və stres yaradır”.
Politoloq əlavə edib ki, Xarkovun hava hücumundan müdafiəsini təkmilləşdirmək üçün müxtəlif yollar mövcuddur:
“Ukraynanın istifadə etdiyi sistemlər təkmilləşdirilməli, Almaniya istehsalı “Iris-T”, “Nasams” və ABŞ-nin “Patriot” sistemləri daha geniş tətbiq edilməlidir. Lakin bu sistemlərin gecikmiş şəkildə çatdırılması Ukraynanın müdafiəsini zəiflədir. Sovet istehsalı “Buk” və “S-300” sistemləri köhnəlmiş olsa da, müəyyən effektivliyə malikdir. Onların da təkmilləşdirilməsi vacibdir.Mobil hava hücumundan müdafiə batareyaları artırılmalı, xüsusən kamikadze dronlara qarşı şəhər və vilayət daxilində çevik müdafiə bölmələri yerləşdirilməlidir. Elektron müharibə vasitələri, radio siqnallarını pozan sistemlər, anti-dron tüfəngləri, lazer silahları kimi müasir texnologiyalar daha geniş tətbiq olunmalıdır.
Xüsusilə süni intellekt dəstəkli radar sistemləri aşağı hündürlükdə uçan dronların aşkarlanmasında effektiv rol oynayır və bunlardan daha geniş istifadə edilməlidir.
Ukraynanın öz resursları və Qərb tərəfdaşlarının dəstəyi ilə bu sistemlər təkmilləşdirilməlidir. Ukrayna qlobal təhlükəsizliyin bir hissəsidir və bu ölkə təkbaşına qoyulmamalıdır”.
Fuad Həsənov son olaraq bildirib ki, Ukrayna təkbaşına Rusiya kimi aqressiv dövlətə qarşı mübarizə aparır:
“ABŞ və Avropa ölkələrinin dəstəyi çox vacibdir. Lakin bu yardımların gecikməsi də problemlər yaradır və nəticədə üç ildir davam edən müharibədə Ukraynanın müdafiə imkanları zəifləyir”.
Ləman Mahmudlu