Mixail Saakaşvili baş nazir postuna namizlədliyini irəli sürəcək
Bölmə: Siyasət › ,Tarix: 22:24 23.06.2023
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili gələcək fəaliyyətinin anonsunu verib.
İnformator.az xəbər verir ki, o, ölkə siyasətinə qayıtmaq niyyətində olduğunu açıqlayıb. Bundan sonra onun təmsil etdiyi partiya 2024-cü ildə sabiq liderin baş nazir postuna namizədliyini irəli sürəcəyini elan edib. Bəs Saakaşvilinin yenidən Gürcüstan siyasətinə qatılması, seçkilərdə iştirak etməsi nə dərəcədə mümkündür? İnformator.az məsələ ilə bağlı araşdırma aparıb.
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili aktiv şəkildə siyasətlə məşğul olacağını bəyan edib. Bu barədə keçmiş dövlət başçısı “Facebook” hesabında paylaşım edib. Yazıda qeyd olunub ki, o, səhhətindəki problemlərə baxmayaraq, aktiv şəkildə Gürcüstan siyasətində, eləcə də Ukraynada gedən proseslərdə iştirak edəcək: “Dünən Acarıstanın Ali Şurasında gördüyüm vətən xainlərinin paradı son damla oldu. Gürcüstana xəyanət və parçalama cəhdi artıq bütün səviyyələrə nüfuz edib. Səhhətimdəki problemlərə baxmayaraq, Ukraynadakı fəaliyyətimlə paralel olaraq, Gürcüstan siyasətində də çox fəal iştirak etmək niyyətindəyəm. Biz əl-ələ verib Ukraynanın qələbəsini gözləməməli, yenilikçi və cəsarətli hərəkətlərimizlə onlara fəal şəkildə yardım etməliyik. Bu gündən fiziki olaraq bacardığım bütün məhkəmələrdə iştirak edəcəm. Mən əsasını qoyduğum “Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla bütün milli, anti-Rusiya Avropa qüvvələrini birləşməyə çağırıram”.
Qeyd edək ki, Saakaşvilinin müalicə aldığı özəl Tbilisi klinikasının direktoru Zurab Çxaidze keçmiş prezidentin səhhətinin yaxşılaşdığını bildirib. O, daha aktivdir, əhval-ruhiyyəsi də qaydasındadır. Vahid Milli Hərəkat Partiyası da 2024-cü ildə partiyanın qurucusu, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Baş nazir postuna namizədliyini irəli sürəcəyini elan edib. Amma bu, ölkə qanunlarına nəzər yetirəndə görürük ki, bunun reallaşması mümkün deyil. Çünki Saakaşvili heç Gürcüstan vətəndaşı da deyil.
Siyasi şərhçilər bildirir ki, Saakaşvilinin siyasətə qayıtması haqqında açıqlması əslində qərbdən dəstək almasına hesablanıb. Amma hazırkı məqamdan sabiq hökumtə başçısına Avropa siyasi dairələrində etimad aşağı səviyyədədir.
Siyasi şərhçi Turan Rzayev bildirib ki, hazırda Saakaşvili üçün ən yaxşı versiya öz yerinə partiyasından yeni varis təqdim etməsidir: “O, yalnız bu yolla siyasi ideyalarını reallaşdıra bilər. Sabiq gürcü liderinin indiki halda ölkə siyasətinə qayıtması isə mümkün deyil. Hətta növbəti mərhələdə Saakaşvilinin sağaldıqdan sonra həbsxanaya qaytarılması ehtimalı da var. Çünki ilk vaxtlardan bəri Gürcüstan hakimiyyəti Saakaşvilinin həbsdən çıxmaq üçün səhhətinin ağır olduğunu iddia edirdi. Onun hazırkı bəyanatları və həkiminin Saakaşvilinin sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirməsi Gürcüstanın Ədliyyə Nazirliyini müvafiq addımları atmasına səbəb ola bilər”.