ABŞ Meksika sərhəddinə ordusunu yerləşdirir
Bölmə: Siyasət › ,Tarix: 22:43 23.06.2023
ABŞ ordusunun Meksika ilə sərhəddə yerləşdiyi ilə bağlı xəbərlər yayılıb.
İnformator.az xarici KİV-lərə istinadən xəbər verir ki, məlumatın rəsmiliyi təsdiqlənməsə belə, bildirilir ki, Vaşinqtonun məqsədi Meksikadakı narkotik kartellərinə qarşı hərbi əməliyyat keçirməkdir. Meksika höküməti isə Amerikanın əməliyyatlarına qarşıdır və ordusunu paralel olaraq ABŞ ilə sərhədə yerləşdirib. Maraqlıdır ki, belə məlumatlar mütəmadi olaraq yayılır. Bəs Birləşmiş Ştatları Meksika kartelləri ilə bağlı narahat edən əsas səbəb nədir ? Birləşmiş Ştatlar Meksika sərhədində nə baş verir? İnformator.az məsləyə aydınlıq gətirmək üçün araşdırmanı təqdim edir.
Birləşmiş Ştatların Meksikadakı kartellərlə bağlı narahatlığı başa düşüləndir. Belə ki, təkcə 2021-ci ildə Meksika kartellərinin Amerikaya daşıdığı narkotik səbəbindən ölkədə 71 mindən yuxarı vətəndaş ölüb. Hətta ölkədə narkotik səbəbindən həyatını itirənlərin sayı Birləşmiş Ştatlar tarixi üçün ən böyük faciə sayılan Vyetnam müharibəsində ölən əsgərlərin sayından belə çoxdur. Digər tərəfdən Meksika mafiyası ölkə sərhədindən Amerikaya hər il minlərlə qaçqının köçürülməsinə, həmçinin orqan alqı-satqı işlərinə də nəzarəti əlində saxlayır. Bundan başqa, cinayətkar qruplar Meksika və Birləşmiş Ştatların hakimiyyət orqanlarına qədər sızan böyük bir şəbəkəyə sahibdir. Hətta Meksika kartelləri özlərinə məxsus silahlı qüvvələr və hərbi texnikalara belə sahibdir. Bütün bunlar isə Vaşinqtonun kartellərlə bağlı narahatlığının səbəbsiz olmadığını göstərir.
Kartellərin gün keçdikçə güclənməsi isə təbii ki, Meksika hökümətini də narahat edir. Ölkədə cinayətkarlara qarşı dəfələrlə geniş miqyaslı əməliyyatlar həyata keçirilib. Amma tədbirlər nəticəsində ya şəbəkə üçün cüzi sayıla biləcək qədər narkotik ələ keçirilib, ya da kartelə rəhbərlik edən geniş şəbəkə liderlərindən sadəcə bir neçəsi həbs oluna bilib. Mafiya liderlərinin həbs olunması hər dəfə ölkə daxilində kütləvi üsyanlar və polis ölümləri ilə nəticələnib. Hətta bir neçə dəfə ölkə prezidenti belə şəxslərin buraxılması ilə bağlı qərar qəbul etməli də olub. Üstəlik kartelin əldə etdiyi gəlirdən müəyyən formada yerli əhaliyə də yardım etməsi, vətəndaşların polisləri ləngitməsinə və ya müəyyən əməliyyatların baş tutmaması ilə nəticələnib. Bütün bunlara baxmayaraq, Meksika höküməti kartellərlə bağlı problemin həll olunmasında ikinci bir dövlətin iştirak etməsini qəti şəkildə rədd edir.
Birləşmiş Ştatların Meksika ilə bağlı tədbirlər görmək niyyəti isə ilk belə hal deyil. Mütəmadi olaraq konqresdə Meksika sərhəddinə əməliyyatların olunması ilə bağlı qərarlar və təkliflər də irəli sürülür. Amma Meksika höküməti buna razılıq vermir. Vaşinqton da hər dəfə Meksikaya kartellərlə bağlı xüsusi əməliyyat keçirməsi ilə bağlı təzyiqlər göstərir. Amma kartellərin qarşısının alınması və ya digər metodların tətbiqi heç də asan məsələ deyil. Çünki Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp ABŞ-Meksiya sərhəddinə böyük bir sədd çəkilməsini istəyirdi. Amma sədd çəkməyin nəticəsiz olduğu məlum olub və Tramp layihəni yarımçıq saxlamalı olub. Bununla belə Tramp məsələnin həll olunmasında israrlı davranıb. Amma 2020 prezident seçkilərində uduzması ilə vəziyyət dəyişib. Tramp məsələni yenidən gündəmə gətirib. O, 2024-cü ildə keçiriləcək Prezident seçkiləri ilə bağlı çıxışlarında bu məsələni aktuallaşdıracağını bildirir.