Kiyevin əks hücumlarında uğurlarının SİRRİ - Ekspertlər açıqladı

Bölmə: Siyasət › ,
Tarix: 23:17 23.06.2023

Ukrayna silahlı qüvvələrinin əks-hücum əməliyyatlarına başlamasından qısa müddət keçməsinə baxmayaraq ordu xeyli irəliləyiş əldə edib. Artıq dünya mediyasında Kiyevin azad etdiyi ərazilərdən danışılır. Bəs Ukraynanın əks-hücumunun uğurla davam etməsinin sirri nədir? Kiyevin uğurları nə ilə izah olunur?

 

İnformator.az bildirir ki, Kiyevin əks-hücum əməliyyatları sürətlə davam edir. Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı məlumata görə, Ukrayna qoşunları cəbhənin ən azı üç istiqamətində uğurlu əməliyyatlar həyata keçirib. Ukrayna ordusu Krasnopolovka yaxınlığında Baxmutdan təxminən 12 km şimal-şərqdə xeyli irəliləyib. Son bir həftə ərzində Zaporojye istiqamətində 7 km-ə qədər irəliləyən ordu 113 kvadratmetr ərazini azad edib. Lakin uğurlu əks-hücum əməliyyatının yeni nəticələri bununla da kifayətlənmir. Belə ki, ötən günün geolokasiya görüntülərindən də aydın olur ki, Pyatixatkin də azad edilən ərazilər arasındadır. Ukrayna SQ-nin rusların ilk müdafiə xəttini yardığını deyən ekspertlər rus silahlılarının mühasirəyə düşə biləcəyinin əsas ehtimallar arasında olduğunu vurğulayırlar.

 

Jurnalist İdrak Camalbəyli Ukrayna silahlı qüvvələrinin başladığı əks-hücum əməliyyatlarının davam etdiyini qeyd edib: “Ukrayna ordusunun Zaporojye istiqamətində böyük uğurları var. Səhər saatlarında 8-ə yaxın məntəqə daha azad olunub.Bu əməliyyatlar uğurla davam etdirilir”.

 

Analitiklərin fikrincə, əks-hücum əməliyyatları gecə həyata keçirildiyi üçün Ukrayna irəliləyiş əldə edib. Kiyevin əks-hücum uğurlarına baxmayaraq Ukrayna Silahlı qüvvələrinin qısa zaman ərzində bu qədər irəliləyiş əldə edəcəyi heç də gözlənilən deyildi. Hərbi mütəxəssislərin bir çoxu Kiyevin cəbhədəki uğurlarını Qərbin verdiyi müasir zirehli sursatlarla izah etsələr də, bəziləri məsələyə tamamilə fərqli yanaşır. Analitiklər Kiyevin əks-hücum əməliyyatlarındakı uğurlarında gecənin danılmaz payının olduğunu deyirlər. Belə ki, Ukraynanın hücumlara hava qaraldıqdan sonra başlaması ona taktiki üstünlük qazandırır. Bəs nə üçün gecə? Çünki Ukrayna gecə optikasına malikdir ki, bu da əsgərlər üçün qaranlığı işığa çevirir. Rusiya əsgərlərindən fərqli olaraq ukraynalı hərbçilər bu texnika vasitəsilə zil qaranlıqda belə hərəkət edə, hədəf ala və dəqiq atəş aça bilərlər. Ona görə də rəsmi Kiyev hücumlarda, xüsusilə də Zaporojye bölgəsində gedən döyüşlərdə məhz gecəni seçir.

 

Hərbi ekspert Elxan Şıxəliyev isə bildirir ki, Axşam gecə görmə cihazlarının vasitəsi ilə əməliyyatlar həyata keçirmək 21-ci əsrin ordularına məxsus xüsusiyyətdi: “Ukrayna tərəfinin Baş qərargahı əməliyyatlar teatırını gecə və gündüz görərək idarə edir. Əməliyyatlar teatrını müharibə vaxtı gecə-gündüz görmək tərəflər üçün çox böyük üstünlükdür”.

 

Gecə döyüşlərində Ukrayna silahlı qüvvələrinə güc üstünlüyü verən sursatlar görmə cihazları ilə də kifayətlənmir. İndiyə qədər əks hücumda mühüm rol oynamış Leopard 2 tankları və Bradley döyüş maşınları da ən müasir gecə hərəkət etmə özəlliyinə sahibdirlər. Politoloqlar da bu üsulla əks-hücum əməliyyatının uğurlarının artacağından əmindirlər. Ukrayna silahlı qüvvələrinin strateji əraziləri geri qaytaracağı təqdirdə müharibədə "U" dönüşü yaradacağı gözlənilir.