ABŞ kəşfiyyatı Vaqner üsyanını əvvəlcədən bildiyini iddia etdi: Putin də bilirdi
Bölmə: Siyasət › ,Tarix: 17:21 25.06.2023
ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətinin yaradıcısı Yevgeni Priqojinin silahlı aksiyaya hazırlaşdığını iyunun ortalarında öyrəndiklərini iddia ediblər.
İnformator.az “The Washington Post” qəzetinə istinadən bildirir ki, adlarının açıqlanmasını istəməyən ABŞ kəşfiyyat rəsmiləri iyunun ortalarında Priqojinin Rusiya Müdafiə Nazirliyinə qarşı silahlı əməliyyat planlaşdırdığına dair kəşfiyyat məlumatı topladıqlarını, Ağ Evə və əlaqədar qurumlara “təcili” kodu ilə məlumat ötürüldüyünü deyiblər.
Priqojinin üsyanına hazırlıqsız yaxalanmadıqlarını qeyd edən bir kəşfiyyat rəsmisi "ABŞ rəhbərliyinə bir şeyin planlaşdırıldığını bildirmək üçün kifayət qədər əlamətlər var idi, ona görə də Ağ Evin buna hazır olduğunu düşünürəm" deyə fikirlərini ifadə edib. "Bu istiqamətdə çoxlu suallar var idi" deyən kəşfiyyatçı Putinin hakimiyyətdə qalıb-qalmayacağı ilə bağlı "yüksək narahatlığın" olduğunu və istənilən qeyri-sabitliyin Rusiyanın nüvə arsenalına nəzarətdə problem yarada biləcəyini əlavə edib.
Mümkün “Rusiya vətəndaş müharibəsi”ndən yarana biləcək qeyri-sabitliyin “əsas qorxu” olduğunu qeyd edən rəsmilər son iki həftədə Ağ Evin, eləcə də Pentaqon, Dövlət Departamenti və Konqresdəki yüksək səviyyəli rəsmilərin kəşfiyyat məlumatları ilə bağlı məlumatlandırıldığını bildiriblər. Hakimiyyət Priqojinin üsyanının ən mühüm səbəblərindən birinin Rusiya Müdafiə Nazirliyinin iyunun 10-da bütün döyüşən könüllü qrupların hökumətlə müqavilə imzalaması barədə əmri kimi qiymətləndirib.
ABŞ kəşfiyyat rəsmiləri Putinə "Priqojin bir şey planlaşdırır" məlumatının verildiyinə inandıqlarını qeyd edərək, səlahiyyətlilərdən biri "Putinə qiyamla bağlı məlumatın nə vaxt verildiyi bəlli olmasa da, bunun 24 saatdan çox əvvəl olduğu qətidir" deyə ifadə edib. Putinin Priqojinin hərbi komandanlığı ələ keçirmək üçün Moskvaya yürüşünü əngəlləmək üçün niyə hərəkətə keçmədiyinin aydın olmadığını vurğulayıblar.