"Bu qədər keyfiyyətsiz dərman ölkəyə necə gətirlir..." - VİDEO
Bölmə: Siyasət › ,Tarix: 19:56 25.06.2023
Qənirə Paşayeva Milli Məclisdə keçirilən növbəti plenar iclasda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində əhalini narahat edən ciddi məqamlara toxunub və bir sıra vacib təkliflərlə çıxış edib.
İNFORMATOR.AZ komitə sədrinin çıxışını qısa ixtisarla təqdim edir:
“Hörmətli sədr,
Hörmətli həmkarlar,
Mən də Qanun layihəsini dəstəkləyəcəm. Hörmətli Səhiyyə nazirinin müavininin burada iştirak etməsini nəzərə alaraq, bəzi məsələlərə ciddi şəkildə aydınlıq gətirilməsini istəyərdik.
Birincisi,
bilmək istəyərdik ki, dərman qiymətlərinin qardaş Türkiyə ilə aramızda olan fərqləri geniş şəkildə analiz edildimi? Vətəndaşlar dərmanları məhz qiymət fərqinə görə gətirirdi. Bu dəyişikliklər doğrudan da bunun qarşısını almaq üçün imkan yaradacaqmı?
İkincisi,
ən vacib məsələlərdən biri burda vurğulanır: Qanun layihəsinin qeydiyyatının sadələşdirilməsi, ekspertiza problemlərinin həll olunması məsələsi. – Tarif Şurasının bu sahədə qiymətlərin tənzimlənməsində çevikliyini artırmasına ciddi ehtiyac var. Amma bəzi ehtiyaclar da ciddi nəzarətin yaranması ilə bağlıdır. Biz dərmanların keyfiyyətindən danışırıq. Lakin heç yerdə görmədik ki, belə bir açıqlama olsun ki, “laborotoriyalar var, dərmanlar ekspertizadan keçirilir”. Sual yaranır: bu qədər keyfiyyətsiz dərman ölkəyə necə gətirlir? Buna görə bəs nə qədər insan cəzalandırılıb? Bu məsələyə görə məsuliyyət daşıyan rəsmi dövlət qurumları var. Doğrudan da qanundakı dəyişikliklər bunun qarşısını alacaqmı?
Bioloji aktiv maddələr, bioloji aktiv qida əlavələri mövzusuna da toxunmaq istəyirəm. – Vətəndaşların əsas narazılığı ondan ibarətdir ki, bir çoxunun ali təhsili yaxud savadı yoxdur və həkimə gedərkən ona resept yazılır və yazılanlardan biri dərman olursa, üçü bioloji aktiv qida əlavəsi olur. Və bioloji aktiv qida əlavəsi o dərmanın qiymətindən dəfələrlə baha olur. Vətəndaş imkanı olmadığına görə dərman ala bilmir, müalicə kursunu normal keçə bilmir və narazılıq yaranır.
Yadımdadır, mən də Səhiyyə Komitəsinin üzvü olanda bu məsələ müzakirə olundu və bildirildi ki, reseptlərdə bioloji aktiv qida əlavəsinin yazılmasının qadağan olunması məsələsinə baxılsın. Bioloji aktiv qida əlavəsi tövsiyə edilə bilər, ancaq o dərman vasitəsi deyil. Yəni resept bu vasitələrlə doldurulur və vətəndaşlar “firma dərmanları”nı ala bilmir və s. Belə çıxır ki, bu məsələ ilə bağlı nəzarət etməli olan qurumlardan ciddi addımlar yoxdur.
Növbəti məsələ,
ölkədə antibiotiklərdən bilincsiz istifadə ilə bağlıdır. Dünyanın inkişaf etmiş heç bir ölkəsində antibiotiklər bu cür – bizdəki kimi satılmır. Dünyanın inkişaf etmiş ölkələrinin hansında belə bir şey var? – Kim istəyir, gəlir əczazçıya deyir ki, mənə hansı antibiotiki məsləhət görərsən? O da dükanda konfet, peçenye satırmışcasına antibiotik verir. Antibiotiklərin yaratdığı xəstəliklər qarşısıalınmaz problemlərdir. Bu məsələ neçə dəfə qaldırılsa da görünür ki, yenə eyni vəziyyət hələ də qalmaqdadır.
Həmkarlarımın da dediyi kimi, ümumiyyətlə bir ildə iki dəfə xaricə çıxan adam yaxınlarına və özünə dərman gətirirsə, bunu keyfiyyət və qiymətə görə gətirir. –Ölkədə ikisi də - keyfiyyət və qiymət normal olsa, niyə gətirsin ki?
Zatən vətəndaşın pasportunda ölkədən neçə dəfə gedib-gəldiyi bilinir. Onların incidilməsinin qarşısının alınması çox vacibdir.
Qardaş Türkiyədə səfərdə olanda məni şəxsən dəvət etmişdilər. Orda azərbaycanlılar necə dərman zavodları yaradıblar və tək Azərbaycana deyil, Türkiyə bazarına və dünyanın bir çox ölkəsinə dərman ixrac edirlər. – Mən bu məsələni bir neçə dəfə vurğulamışam. – Onları bura dəvət etmək üçün bu insanların kontaktlarını Səhiyyə nazirinin burada iştirak edən müavininə də təqdim edə edə bilərəm.
Yəni, burada istehsal olarsa, bu dərman qiymətlərinin aşağı düşməsinə də təsir edər. Bizim insanların potensialı varsa, həmin imkanların yaradılması yaxşı olar və bu zaman qiymətlər də daha ucuz olar.
Diqqətinizə görə təşəkkür edirəm”.