Rusiyaya Trampdan şərh: Növbəti daha pis ola bilər
Bölmə: Siyasət › ,Tarix: 19:02 25.06.2023
ABŞ-ın eks prezidenti Donald Tramp Vaqnerin Rusiya administrasiyasına qarşı üsyanı ilə bağlı açıqlama verib.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, Tramp "Rusiyada bu, böyük qarışıqlıqdır, amma nə istədiyinizə diqqətli olun" deyə hadisələrə münasibət bildirib. Sosial media hesabından açıqlama verən Tramp “Növbəti daha pis ola bilər” deyib.
2024-cü il seçkiləri üçün kampaniyaya başlayan Tramp yenidən seçiləcəyi təqdirdə "Ukraynadakı müharibəni 24 saat ərzində həll edəcəyini" iddia edib.
Xatırladaq ki, “Vaqner” özəl mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin Rusiya ordusunu Vaqnerə hücumda ittiham edib və cavab zərbəsi endirməklə hədələyib. Vaqner döyüşçüləri Ukraynanı tərk edərək sərhədyanı Rostov rayonuna daxil olublar. Bu vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) “silahlı iğtişaş” maddəsi ilə cinayət işi açıb. Rusiya prezidenti Vladimir Putin isə Vaqnerin üsyanını “vətənə xəyanət” adlandırıb. Priqojin Moskvaya gedəcəklərini açıqlayıb və Kreml rəhbərliyi ölkənin bir çox yerində təhlükəsizlik tədbirlərini artırıb.
Günün sonunda Yevgeni Priqojinin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyada gərginliyin azaldılması təklifini qəbul etdiyi bildirilib. Priqojin rus qanının tökülməsinin məsuliyyətini başa düşdüklərini və plana uyğun olaraq konvoylarını geri çevirərək səhra düşərgələrinə qayıdacaqlarını açıqlayıb. Kremlin sözçüsü Dmitriy Peskov Priqojina qarşı cinayət işinin bağlanacağını və qiyam liderinin Belarusa gedəcəyini bildirib.