Vaqner qiyamı, Surovikin yoxa çıxması - İDDİALAR
Bölmə: Siyasət › ,Tarix: 21:36 04.07.2023
Rusiyanin özəl hərbi qruplaşması Vaqnerin qiyamı bitsə də hadisənin qaranlıq tərəfləri hələ də gün üzünə çıxmayıb. Ordu generalı, Vaqnerin gizli VİP üzvü olduğu deyilən general Sergey Surovikinin yoxa çıxması və onun haqqında yayılan iddialar medianın diqqət mərkəzindədir. Təsdiqini tapmayan, ancaq hamını həyəcanda saxlayan xəbərlər yayılsa da, Kreml ölkənin yüksək dairələrində baş verənləri hər vəchlə gizlətməyə çalışır.
Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin uğursuz çevrilişindən sonra yoxa çıxıb. Rusiyanın yerli mətbuat agentlikləri Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən bildirirlər ki, ordu generalı saxlanılıb. İddialara görə, Surovikin Priqojinin tərəfində yer alıb. Bundan başqa, onunla bağlı vəziyyətin heç də ürəkaçan olmadığı da qeyd olunur. Surovikinin iyunun 25-də, Vaqnerin üsyanından dərhal sonra həbs edildiyini iddia edilir. Onun saxlanıldığı yerlə bağlı tutarlı məlumat olmasa da ehtimallar arasında Moskvadakı Lefortovo İstintaq Təcridxanasının adı çəkilir.
Analitik Konstantin Eqqert bildirib ki, ilkin siqnallar müxtəlif növ teleqram kanallarından gəlsə də indi etibarlı media agentlikləri də xəbəri az-çox təsdiqləyirlər. Hətta cənab Surovikinin müavinin də saxlanıldığı ilə bağlı iddialar var. Bütün bunlar doğrudursa tezliklə bu barədə dəqiq məlumat əldə ediləcək. Çünki Rusiya Airokosmik qüvvələrinin komandanı, Rusiyanın qəhrəmanı adını daşıyan birinin həbsini gizlətmək sadəcə olaraq mümkün deyil.
Nyu-York Taymz Birləşmiş Ştatlar rəsmilərinə istinadən Surovikinin Priqojinin Rusiya hərbi rəhbərliyinə qarşı silahlı üsyan qaldırmaq planlarından xəbərdar olduğunu yazır. İndi qərb tərəf generalın çevriliş planına kömək edib-etmədiyini müəyyən etməyə çalışır.
Analitik onu da əlavə edib ki, Surovikinin Priqojinin qiyamından öncədən xəbərdar olduğu deyilir: “Əgər həqiqətən belədirsə və həbs edilibsə.. hadisələrdən də əslində belə olduğu görünür. O planın bir hissəsi olub və çox güman ki, qiyam nəticəsində nəyəsə aryaxın olub. Onun həbs edildiyi təxmin edilən gündən bir gün əvvəl, yəni iyunun 24-də Surovikin Priqojinin üsyanını pisləyən və vaqner qüvvələrini dayanmağa çağıran video paylaşıb. Əslində isə Surovikinə kamerada mətni oxumaq və rol oynamaq tapşırığı verildiyi deyilir. Ancaq bu zaman general itaətkar davranmayaraq rəhbərliklə kobud davranıb. Bu isə Surovikinin Priqojinin koalisiyasında yer aldığı təəssüratını yaradıb. Surovikin bu ilin yanvarına qədər Ukraynadakı əməliyyatlarda quru qoşunlarının komandanı olub. Daha sonra isə əvəz edildi. Ancaq hələ də Rusiya Airokosmik qüvvələrinin komandanıdır. Rusiyanın əsas generallarından biridir. Öz tərəfdarları var. Teleqram kanalında paylaşılan videoda qəmgin, hətta deyərdim sərxoş idi. Heç də inandırıcı olmayan tərzlə Vaqner qüvvələrini dayanmağa çağırırdı. Qorxmuş görünür, əsir götürülmüşə bənzəyirdi. Bundan sonra ortadan yoxa çıxdı və saxlanıldığını eşitdik”.
Qeyd edək ki, amansız taktikasına görə general Armageddon ləqəbi ilə tanınan Surovikin Rusiyanın Suriya və Ukraynadakı hərbi əməliyyatlarda iştirakı ilə Kremlin etibarlı komandirinə çevrilib. İndi isə rəsmi Moskvanın ona etibar edib-etmədiyi sual altındadır. Kreml Surovikinlə bağlı mediada səsləndirilən iddiaları təkzib edir. İsrarla bildirilir ki, üsyan zamanı hərbi komandirlər həmrəylik göstərərək Prezident Putinin arxasında birləşiblər.
Şəbnəm