Ermənistanın uşaq əsgərləri indi də Qarabağdadır

Bölmə: Siyasət › ,
Tarix: 21:52 04.07.2023

Yeni yayılan görüntülərdən aydın olur ki, Qarabağda olan separatçılar azyaşlıya silah verərək hədəfi Azərbaycan göstərirlər. Bu isə ilk belə hal deyil. Təəsüf ki, Ermənistan uşaqlardan hər zaman öz məkrli siyasətində istifadə edib. Gələcəyə potensial terrorçu hazırlayan haylar Azərbaycanı 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını özünün həyata keçirməsindən başqa çarə buraxmırlar.

 

Ermənistan silahlı qüvvələrindən sonra indi də separatçılar uşaqların əlinə silah verərək, ordumuzun mövqelərinə atış açdırırlar. Yayılan video nə qədər dəhşətverici olsa da artıq heç də təəccüb doğurmur. Çünki Ermənistan tərəfindən bu kimi görüntü və şəkillərin yayımlanması demək olar ki,adi hala çevrilib. Belə ki,azyaşlıların hüquq və azadlıqlarını pozan hayların uşaqlardan orduda istifadəsi anti-Azərbaycan propaqandasının bir hissəsidir. Son günlərdə sosial şəbəkələrdə yayılan görüntülər, o cümlədən müxtəlif erməni silahlı qrupları tərəfindən fərqli oyunlar adı altında yetkinlik yaşına çatmayan uşaqların Qarabağ ərazilərində hərbi təlimlərə cəlb edilməsi, yeni nəslə nifrət və düşmənçiliyin aşılanaraq Azərbaycanla yeni müharibəyə hazırlanmasına səbəb olur. Təbii ki, İrəvanın bu kimi addımlarının bir də hüquqi aspekti var. Haylar bu cür hərəkətləri ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasında, uşaqların silahlı qarşıdurmaya cəlb olunmasına dair Fakultativ Protokolda, xüsusən də 1-ci və 2-ci maddələrdə təsbit olunmuş hüquqları kobud şəkildə pozur.

 

Siyasi şərhçi İlyas Hüseynov bildirib ki, Ermənistan dövləti hər zaman uşaqların hüquqlarını pozmaqla yanaşı həmişə onların xidmətlərindən öz məkirli siyasəti üçün istifadə edir. Bölgədə düşmənçiliyin təşviqi, nifrət nitqinin məhz azyaşlı dövrlərdən aşılanması qəbulolunmazdır və regionda gələcək təhdidləri formalaşdırır.

 

Separatçıların uşaqlardan silahlı əsgər kimi istifadəsi isə qanunsuz silahlı birləşmələrin tezliklə Qarabağdan çıxarılmasının vacibliyini göstərir. Məhz buna görə də son Vaşinqton görüşündə əsas müzakirə mövzusu və fikir ayrılıqlarından biri qanunsuz erməni birləşmələrinin Qarabağdan çıxarılması olub. Hətta bunun üçün Azərbaycan tərəfinin hüquqi üstünlüyü də var. Belə ki, separatçıların çıxarılması Rusiyanın vasitəçilik etdiyi və əsas kimi irəli sürdüyü 10 noyabr razılaşmasının 4-cü bəndində öz əksini tapıb. Düzdür Moskva indiyə qədər bu bəndin icrasını Ermənistan tərəfindən tələb etmir. Lakin buna baxmayaraq bu məsələnin Vaşinqton masasına daşınması əhəmiyyətli məqamdır. Çünki qoşunların çıxarılması müzakirəsinə ABŞ-nin vasitəçilik etməsi üçtərəfli bəyanatın legitimliyini sual altına salır və bu, Rusiyanı razılaşmanın icrasına sövq edə biləcək amildir. Ekspertlər Qarabağdakı erməni silahlı qüvvələri ilə bağlı bəndin həyata keçirilməyəcəyi təqdirdə Azərbaycanın 4-cü bəndi özünün icra edəcəyini deyirlər.

 

Siyasi şərhçi Əli Zülfiqaroğlu bildirib ki, ümumən bu məsələnin Vaşinqton görüşünə daşınması ciddi məsələdi və Azərbaycanın növbəti diplomatik uğurudur: “Məsələnin Qərb, Vaşinqton tərəfindən də dəstəklənməsi Azərbaycanın hərbi əməliyyatlara başlamasına legitimlik qazandırır. Düşünürəm ki, Azərbaycanın erməni silahlılarının ərazini tərk etməsi istiqamətində əməliyyatlara başlaması mütləqdir. 4-cü bəndin icrası həm də Qarabağ ermənilərinin reinteqrasiyası baxımından da olduqca vacib hesab olunur. Hazırda elə separatçılar arasında əsas müzakirə və fikir ayrılığı da məhz bu yöndədir.Onlar Bakının mövqeyi ilə razı deyillər. Lakin Azərbaycanın bu mövzuda dəyişməz mövqeyi separatçıların başqa şanslarının olmadığının bariz nümunəsidir”.

 

Nəzrin