Rusiyanın erməni əsilli "Arbat" könüllü batalyonu - MƏQSƏD
Bölmə: Siyasət › ,Tarix: 22:18 04.07.2023
Rusiya Ukraynanın işğal olunmuş ərazilərində erməni könüllü batalyonları yerləşdirir. Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Ötən gün Moskvadakı erməni katedralındə keçirilən yolasalma mərasimində iştirak edən "Arbat" könüllü batalyonunun fotoları yayılıb. Rusiya mənbələri də Ukrayna ərazisinə könüllü erməni batalyonlarının yerləşdirildiyini təsdiqləyib…
Rusiya-Ukrayna müharibəsində ermənilərin Rusiyanın yanında yer alması ilə əlaqədar bir sıra faktlar yayılıb. Bu dəfə isə Ukraynada ermənilərdən ibarət "Arbat" könüllü batalyonu gətirilib. Müharibə Araşdırmaları İnstitutunun təsbit etdiyi faktlar bir daha sübut edirki, erməni könüllü batalyonları Rusiyanın nəzarətində olan ərazilərə yerləşdirilir.
Hərbi ekspert Elxan Şıxəliyev bunları deyib: “Bunlar ukraynalılara qarşı döyüşəcəklər xüsusən də indi onların cəbhəyə göndərilməsi mərasimi də artıq edildi. Katalikosun nümayəndələrinin artıq yeni yaradılmış “Arbat” batalyonuna xeyir duası da verildi və ilk heyət də artıq Rusiya-Ukrayna cəbhəsində Ukraynaya qarşı döyüşmək üçün müdafiə əməliyyatlarında, Rusiyanın əks hücum əməliyyatlarında iştirak edəcək”.
Ermənilər burada yerləşməklə müharibə üzərindən öz təcavüzkar siyasətlərini də həyata keçirirlər. Siyasi şərhçilər deyir ki, batalyonlar terrorçu təlimlərin iştirakçılarından təşkil edilir. Bu da regional təhlükəsizlik üçün təhdiddir. Bir digər diqqət çəkən məqam isə qərbin susmasıdır.
Siyasi şərhçi İlyas Hüseynov deyib ki, ikili standartlar dövründə yaşadığımız bu hazırki beynəlxalq münasibətlərdə Ermənistanı himayə edirlər. Ayrı-ayrı dövlətlərin Rusiyanın yanında yer alması ilə bağlı məhdudiyyətlərin tətbiq olunduğu bir zamanda Ermənistana tamamilə başqa münasibət göstərilir. Bütün bunlar qəbulolunmazdır və artıq erməni könüllülərdən ibarət batalyonların da Ukraynaya rəsmi Kiyev də münasibət bildirməlidir.
Ekspertlərin fikrincə, erməni əsilli "Arbat" könüllü batalyonu dünya ermənilərinin Rusiya-Ukrayna müharibəsinə baxışıdır. Bunların maliyyələşməsinə erməni diasporu da yardım edir. ABŞ Ermənistandan bu məsələyə görə izahatlar tələb etməlidir...
Şəbnəm