Bakıda keçirilən nazirlərin görüşündən dünya mediası nələr yazdı?

Bölmə: Siyasət › ,
Tarix: 14:55 06.07.2023

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü dünya mediasının diqqət mərkəzində olub. Müxtəlif ölkələrin qəzet və portalları Azərbaycan Prezidenti İlham Əliyevin toplantıdakı çıxışına geniş yer ayırıblar. Əksər media qurumlarında Qoşulmama Hərəkatının işi və Azərbaycanın sədrliyi yüksək qiymətləndirilsə də, İran yenə prosesləri öz ampluasında təqim edib.

 

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü dünyanın müxtəlif ölkələrinin tanınmış mətbuat orqanları tərəfindən işıqlandırılıb. Yazılan məqalələrdə ölkəmizdə baş tutan tədbirdə çoxsaylı ölkə nümayəndələrinin iştirakına, eləcə də Bakıdan beynəlxalq ictimaiyyətə ünvanlanan mesajlara geniş yer verilib. Türkiyənin “Hürriyet” qəzetində dərc olunan “Əliyev sülhün şərtlərini açıqladı: Ermənistan silahlı qüvvələrini Qarabağdan tamamilə çəkməlidir” sərlövhəli geniş məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev çıxışında otuz il əvvəl Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirdiyini, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Xarici işlər naziri Hakan Fidanın Bakıda keçirdiyi görüşlər də Türkiyə mediasının gündəmində olub. “Sabah” nəşri nazir Fidanın İraq və Küveytli həmkarları ilə görüşlər keçirdiyinə diqqət çəkib.

 

Gürcüstanın Netgazeti nəşri Prezident İlham Əliyevin çıxışındakı BMT ilə bağlı hissəsini ön plana çıxarıb. Yazıda qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası keçmişin yadigarıdır və bugünkü reallığı əks etdirmir. Çin və Nikaraquanın xəbər portallarında qeyd olunub ki, Bakı görüşündə yeni dünya nizamı ilə bağlı məsələlər müzakirə edilir, yaranmış böhrandan çıxış yolları axtarılır. Kubanın “plenglish” portalında yayımlanan xəbərdə də Qoşulmama Hərəkatının “yeni ədalətli dünya nizamı uğrunda mübarizəsini davam etdirən ölkələrin ən böyük hərəkatı olduğu bildirilib.

 

Birləşmiş Ştatların tanınmış media qurumlarının manşetlərində isə İlham Əliyevin Fransa ilə bağlı nitqi yer alıb. Məqalələrdə Azərbaycan Prezidentinin bloka daxil olmayan ölkələri də neokolonializmlə mübarizə aparmağa çağırması öz əksini tapıb. Bildirilib ki, Qoşulmama Hərəkatı keçmişin bu biabırçı mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündə çıxışı zamanı söylədiyi fikirləri ispandilli mətbuatın da diqqət mərkəzində olub. "swissinfo", "msn", "Deportes" kimi portallarda yayımlanan məqalələrdə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına üzv olan dövlətləri neokolonializmlə mübarizə aparmağa çağırdığı, Fransanı irqçilikdə, soyqırımda və başqa ölkələrin işlərinə qarışmaqda ittiham edərək, neokolonializmin müasir dəstəkçilərindən biri olduğunu bildirdiyi vurğulanıb.

 

Rusiyanın vestikavkaza və digər xəbər portalları isə İlham Əliyevin Bakıda İranın xarici işlər nazirini qəbul etməsini maneştə çıxarıb. Tərəflər arasındakı müzakirələrin əsas mövzusunun ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də bir sıra regional məsələlər olduğunu yazan mətbaut orqanları bundan sonra iki ölkə arasındakı əlaqələrin yaxşılaşa biləcəyinə işarə ediblər.

İranın "İrna" və "mehrnews" saytlarındada bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlər barədə məlumat verilib. Müzakirə olunan məsələlər arasında Azərbaycanın İrandakı səfirliyinə hücumda müqəssirlərin tapılması ilə bağlı görülən tədbirlər də müzakirə mövzusu olub. Cənub qonşumuzun əksər mətbuat orqanları Bakıdakı toplantı barədə neytral yazılar hazırlasa da, "Tehran Times" nəşri görüşə başqa don geyindirməyə çalışıb. Yazıda qeyd olunub ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycan Respublikasına səfəri Cənubi Qafqaz xalqına kursu dəyişmək və İranla münasibətləri yaxşılaşdırmaq üçün bir fürsətdir.

 

Nəzrin Malik