Brüssel görüşü Azərbaycan-Ermənistan arasında nələri dəyişəcək?
Bölmə: Siyasət › ,Tarix: 16:44 07.07.2023
Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Bunu iyulun 6-da hökumətin iclasında Paşinyan deyib. O söyləyib ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək. Paşinyanın çıxışında diqqət çəkən digər məqam isə sülh müqaviləsi ilə bağlıdır. O, bunun üçün münbit zəminin yetişmədiyini deyib. Bəs belə məqamda növbəti görüş nəyi dəyişəcək?
Ermənistanın baş naziri növbəti Brüssel görüşünün anonsunu verib. O, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamların nəzərə alınacağına ümid etdiyini deyib.Ancaq hələlik Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin imzalanmağa hazır olmadığını və bunun üçün münbit şəraitin formalaşmadığını bildirib.İrəvanın görüşöncəsi bu sözləri deməsi növbəti danışıqlarda da destruktiv mövqedən çıxış edəcəyindən xəbər verir. Analitiklər İrəvana siyasi arenada təzyiqlər olduğu üçün danışıqlara getdiyi qəanətindədir.
Növbəti Brüssel danışıqlarında da sülhlə bağlı konkret razılaşmanın əldə olunmayacağını deyən ekspertlər Ermənistan üçün antiterror əməliyyatlarını labüd hesab edir. Çünki hazırda Azərbaycan ərazisində olan separatçılar dayanmadan təxribata əl atmaqla məşğuldur. Üstəlik zaman -zaman sərhəddən də atəş səsləri gəlir. Siyasi şərhçilər bütün bunları Paşinyanın qorxusu ilə əlaqələndirirlər.Çünki Ermənistanda sülh müqaviləsinə imza atacaq şəxsi qəanətbəxş son gözləmir. Erməni cəmiyyəti hələ də öz iddialarından əl çəkmir.
Azərbaycan və Ermənistan arasında üç əsas məsələ var. Bunlar sülh və dövlətlərarası münasibətlərin qurulması, sərhədlərin delimitasiya və demarkasiyası, 44 günlük Qarabağ savaşından sonra imzalanmış üçtərəfli bəyanatın icrasıdır.