Zelenski- Ərdoğan görüşü- nələr vəd edir?

Bölmə: Siyasət › ,
Tarix: 15:49 07.07.2023

Ukrayna prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah İstanbula səfərəgedir. Görüş çərçivəsində həm təkbətək, həm də nümayəndə heyətləri arasında danışıqların aparılması gözlənilir. Toplantının mərkəzində isə dünyada aclıq təhlükəsinə səbəb olacaq taxıl sazişinin uzadılması ilə bağlı müzakirələr dayanır.

 

Ukrayna prezidenti Volodimir Zelenski Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsi öncəsi Türkiyəyə səfər edərək prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Ərdoğan həm Vladimir Putin, həm də Zelenski ilə ən çox ünsiyyətdə olan liderlər sırasında olduğundan görüş dünya mediasında da xüsusi diqqət çəkir. Görüşdə Moskva-Kiyev cəbhəsindəki son hadisələr, eləcə də Türkiyə-Ukrayna arasındakı münasibətlər müzakirə olunacaq. Danışıqların mərkəzində isə iyulun 17-də müddəti başa çatacaq Taxıl Dəhlizi sazişi ilə bağlı müzakirələrin aparılması dayanır. Ankara sazişin uzadılması ilə bağlı BMT, Rusiya və Ukrayna rəsmiləri ilə təmasları davam etdirir. Ötən ilin iyulun 22-də Türkiyənin vasitəçiliyi ilə əldə edilən Taxıl dəhlizinin uzadılması nəticəsində indiyədək 32 milyon tondan çox taxıl, mindən çox gəmi Ukrayna limanlarından dünya bazarlarına daşınaraq aclıq təhlükəsinin qarşısını alıb.

 

Türkiyə eləcə də Mariupolda mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizin açılmasına töhfə verib. Ankara hər nə qədər neytrallığını iddia etsə də, iki ölkə arasında müdafiə sahəsində də əməkdaşlıq gözdən qaçmır. Söhbət Ukraynada inşa edilən Bayraktar zavodundan gedir. Baykar Makinanın baş direktoru Haluk Bayraktarın sözlərinə görə Ukraynada türk dronlarını istehsal edən fabrikinin açılışı 2025-ci ilə planlaşdırılır. Əməkdaşlıq Rusiyanı məmnun etməsə də zavodun tikintisi plana uyğun olaraq davam etdirilir. Baykarın Ukraynada AKINCI və Bayraktar TB2 istehsal edəcəyi gözlənilir.

 

Ümumuilikdə isə Zelenski-Ərdoğan görüşü Avropa İttifaqı tərəfindən də xüsusi izlənilir. Üzv ölkələr Türkiyənin təşəbbüsü ilə İstanbulda imzalanan taxıl sazişinin müddətinin yenidən uzadılmasını istəyir.