Fransanın irqçilik siyasətinə Qoşulmama Hərəkatı üzvlərindən də REAKSİYA
Bölmə: Siyasət › ,Tarix: 17:53 07.07.2023
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Prezident İlham Əliyevin bu çıxışından sonra qoşulmama hərəkatının digər üzvləri də məhz Fransanın bu əməlini pisləyib.
Dünyada demokratiya dərsi keçən Fransada islamafobiya, antisemitizm, irqçilik kimi neqativ tendensiyalar sürətlə artmaqdadır. Təsadüfi deyil ki, Fransadakı vəziyyətlə bağlı BMT Parisi “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanat yayıb. İkincisi, Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Rəsmi Paris bu gün başda Əlcəzair olmaqla soyqırım və insanlıq cinayətləri törətdiyi ölkələrdən üzr istəmək yerinə Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini müharibə qənimətləri kimi saxlayır, ziyarətçilərə qürur mənbəyi kimi sərgiləyir. Prezident İlham Əliyev çıxışı zamanı növbəti dəfə Fransa Prezidenti Emmanuel Makronun və Fransa dövlətinin üzr istəməsini qeyd edib. Üçüncüsü, Prezident çıxışı zamanı Fransanın Korsika adasına qarşı etdiyi diskriminasiya və etnik ayrı-seçkiliyə toxunub. Bildirib ki, “Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, ikiüzlülük və ikili standartlardan başqa bir şey deyil”.
Rəsmi Yelisey təkcə Afrikada deyil, Cənubi Qafqazda da sülhə və bunun avantajlarına mane olan dövlətdir. Makron hakimiyyətdə olduğu 6 ildə ermənilərə “canıyananlığı” ilə seçilir. Bununla da Cənubi Qafqazda davam edən normallaşma prosesinə problem yaradır. Fransanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasındakı şərti sərhədyanı bölgəyə Avropa İttifaqı mülki müşahidə missiyası gətirilib. Bundan sonra Ermənistan bölgədə təxribatlarını artıraraq diversantlar belə göndərib. Onlardan ikisinin - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
"Fransa prezidentinin Qarabağ ətrafındakı vəziyyətlə bağlı dəqiq mövqeyə malik olan və bu mövzunu dünya ictimaiyyətinin gündəmində demək olar ki, təkbaşına saxlayan yeganə şəxs kimi təqdim etməsi də gülüncdür. Rusiya XİN rəsmisi Mariya Zaxarovanın dediyi kimi "Bu bəyanatlardan sonra belə bir hiss yaranır ki, Fransa Prezidentinin təvazökarlığı onun cəsarətindən sonra ikinci yerdədir. Təəssüf ki, o, belə səmərəli işin əməli nəticəsi barədə heç nə deməyib".