Lukaşenko: Yevgeni Priqojin hazırda Sankt-Peterburq şəhərindədir
Bölmə: Siyasət › ,Tarix: 15:59 07.07.2023
Rusiyada qiyam başa çatsa da, onu izləyən hadisələr dünya mətbuatının diqqət mərkəzindədir. Hamı Vaqnerin rəhbəri Yevgeni Priqojinin Belarusa getməsindən sonra baş verə biləcəkləri müzakirə edərkən Belarus Prezidentinin son açıqlaması yenidən vəziyyəti qaranlığa sürükləyib. Əslində isə nə baş verir?
Rusiyada Vaqner özəl hərbi qruplaşmasının hökumətə qarşı qısa-müddətli qiyamı hələ də özündə gizli nüansları saxlayır. Üsyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə rəsmi Moskva və qrup arasında razılaşma əldə olunması ilə başa çatsa da, sonradan baş verənlər çoxları üçün qaranlıq olaraq qalır. Bunlardan başlıcası da Vaqnerin və üsyanın rəhbəri Yevgeni Priqojinin əslində harada olmasıdır. O son dəfə üsyan vaxtı görüntülənib. Daha sonra razılaşmada nəzərdə tutulduğu kimi Belarusa getməsi ilə bağlı xəbərlər yayıldı. Hətta Lukaşenko onun ölkəsinə təşrif buyurduğunu təsdiqlədi. İndi isə Minskdəki Müstəqillik Sarayında xarici media nümayəndələri ilə görüşündə Lukaşenko Priqojinin razılaşdırıldığı kimi Belarusda yox, Rusiya ərazisində olduğunu açıqlayıb. Bildirib ki, Vaqner qüvvələri də Belarusda yox, öz daimi düşərgələrindədirlər.
Belarus Prezidenti Aleksandr Lukaşenko deyib: "Yevgeni Priqojin hazırda Sankt-Peterburq şəhərindədir. O, bu səhər Moskvaya getməli idi. Yaxud da başqa yerdədir. Ancaq Belarus ərazisində deyil. Bu səhər mənə verilən məlumata görə, Vaqner döyüşçüləri də reabilitasiya, müalicə və istirahət üçün cəbhə xəttindən çıxarıldıqdan sonra daimi düşərgələrinə göndəriliblər”.
Onun bu açıqlaması Rusiyada silahlı üsyana son qoyan razılaşmanın şərtləri və icrası ilə bağlı böyük qeyri-müəyyənlikləri ortaya çıxarıb.
Onu da qeyd edək ki, Priqojinin Belarusa getdiyi deyildiyi gün -iyunun 27-də Flightradar (Flayt-radar) 24 onun şəxsi təyyarəsinin marşrutunu paylaşmışdı. Rostov şəhərindən çıxan təyyarə Minsk yaxınlığında hərbi hava limanına enmişdi. Təxminən 10-20 dəqiqə sonra isə Sank-Peterburdan eyni hava limanına daha bir şəxsi təyyarə eniş etmişdi. Buradan belə qənaətə gəlmək olar ki, Belarusda Kremllə Priqojin arasında danışıqlar baş tutub. Maraqlısı isə iyunun 28-də Lukashenkonun Priqojinə bir müddət Belarusda qalmağı təklif etdiyi gün, Vaqner rəhbərininşəxsi təyyarəsi Rusiyaya qayıdıb. Bu dəfə də Priqojinin təyyarədə olub-olmadığı dəqiq məlum deyil. Rusiyaya çatan təyyarə bundan sonra Sankt-Peterburq və Moskva arasında bir neçə uçuş həyata keçirib. Hazırda Priqojinin harada olması və Kremllə aralarındakı əlaqə hamı üçün sirr olaraq qalır.