Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaftikası məqsədilə ictimai maarifləndirmə tədbirləri keçiriləcək-ÖZƏL

Bölmə: Siyasət › ,
Tarix: 18:18 09.07.2023

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi “Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəyə start verib.

Bu barədə təşkilatın sədri Ziba Nəbiyeva məlumat verib.
O bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunacaq layihə dörd ay müddətində Bakı şəhərində həyata keçiriləcək.

Layihənin əsas mahiyyəti təhlükəli yoluxucu xəstəliklərlə mübarizədə vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi və qabaqlayıcı profilaktik tədbir olaraq gənclər arasında aidiyyəti mövzu üzrə maarifləndirmə işlərinin aparılmasıdır. Bununla yanaşı, gənclərin icbari tibbi sığorta sistemi haqqında məlumatlandırılması da nəzərdə tutulub.

Layihə çərçivəsində gənclər evlərində ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır. Tədbirlərdə gənclər viruslu hepatitlər və vərəm xəstəliyi haqqında – onların simptomları, yoluxma yolları, xəstəlikdən qorunma üsulları, həmçinin icbari tibbi sığorta xidmətlərindən yararlanmaq qaydaları barədə geniş məlumatlar alacaqlar. Məlumatların dərin mənimsənilməsi üçün müxtəlif görüntülərdən və sosial çarxlardan istifadə olunacaq. Sonda tədbir iştirakçılarına mövzuyla bağlı bukletlər, kitabçalar, broşuralar paylanacaq və gənclər evlərinə maarifləndirici stendlər təqdim olunacaq.