Beynəlxalq Qızl Xaç Komitəsi və qeyri-qanuni fəaliyyətləri
Bölmə: Siyasət › ,Tarix: 21:14 11.07.2023
Son günlər adlarını tez-tez eşitdiyimiz Beynəlxalq Qızıl Xaç Komitəsi və onun qeyri-qanuni fəaliyyətlərinə toxunmaq istəyirik. Təşkilatın hər gün onlarla avtomobili "Laçın" sərhəd-buraxılış məntəqəsindən problemsiz keçir. Onların Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. Komitənin nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olurlar. Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağdakı bu fəaliyyəti nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənmir. Yəni qeyri-legitimdir. Bəs onların əməlləri beynəlxalq hüquqda necə tənzimlənir?
İnformator.az sözügedən məsələni oxucuları üçün araşdırıb.
İnsanlıq, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət, birlik, universallıq… Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti məhz bu yeddi prinsipə söykənir. Bunlar qanunsuzluğun təzahürlərinə qarşı mübarizəyə yardımçı olmaqdır. Humanitar qurum nədənsə Azərbaycanda aidiyyəti üzrə fəaliyyət göstərmir. Laçın sərhəd-buraxılış məntəqəsində qaçaqmalçılığa və bununla da regionda hüquq pozuntusuna şərait yaradır. Qanunsuz kommersiya fəaliyyəti ilə məşğul olur. Məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir. Burada isə Azərbaycan itirir, Ermənistan qazanır.heç bir ölkə öz ərazisində belə hallara yol verməz.
Regional İnsan Hüquqları və Media Mərkəzinin rəhbəri Xalid Kazımov deyir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin Qarabağ ərazisinə gəlməsinin nə beynəlxalq hüquq normalarından, nə Azərbaycan qanunlarından hər hansı hüquqi don geyindirmək mümkün deyil: “Onlar burada qeyri-qanuni fəaliyyət göstərir. O ərazidə yaşayan şəxslərə əgər hər hansı humanitar, tibbi və.s yardım göstərməyə ehtiyac olarsa, zərurət duyularsa bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi də edə bilər. Azərbaycan tərəfi də özü bu günə qədər artıq bir neçə dəfə orada yaşayan insanlara bu cür yardım göstərib”.
Ekspertlər deyir ki, kimliyindən asılı olmayaraq dövlətin ərazisində hüquq pozuntusu törədən şəxs və ya qurum məsuliyyət daşıyır. Azərbaycanın hüquq-mühafizə orqanları Beynəlxalq Qızıl Xaç Komitəsinin həyata keçirdiyi pozuntularla bağlı cinayət işi başlatmalıdır.
Beynəlxalq hüquq üzrə ekspert Əfsər Sadıqov deyir ki, bu sahədə qəbul olunmuş beynəxalq konvensiyalar var: “Yəni yenə də o qaçaqmalçılığın predmetindən asılı olaraq və həmin konvensiyalar əsasında, o cümlədən Azərbaycan Respublikası cinayət məcəlləsinin nəzərdə tutulan tərkiblərlə. Tərkiblər üzrə Beynəlxalq Qızıl Xaç Komitəsinə münasibətdə cinayət işi başladıla bilər. Burada bir məsələyə də diqqət çəkilməsini istəyirəm. Xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsinin özünün təməl prinsiplərindən biri olan neytrallıq prinsipinin pozulması faktı baş verib”.
Görünən odur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi beynəlxalq hüququn norma və prinsiplərinə, eyni zamanda tanındığı Cenevrə konvensiyalarına əməl etmir. 1990-cı illərdən fəaliyyət göstərən təşkilata ölkəmizdə ofislər verilib, eyni zamanda əməkdaşlıq təklif edilib. Bir sözlə, bu illər ərzində çox hörmətli münasibət sərgilənib. Lakin qarşılığı yoxdur. Əksinə onlar heç bir səbəb olmadan ermənilər üçün canfəşanlıq edir.
Milli Məclisin üzvü Hikmət Babaoğlu hesab edir ki, Azərbaycan məsələlərin yığışdırılması ilə bağlı dərhal tədbir görməlidir: “Müvafiq qurumlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin mərkəzi ofisinə bu məlumatları ötürməlidir. Sadəcə Azərbaycanda yerləşən ofisi vasitəsilə onun humanitar fəaliyyətinə izin verməlidir. Əks tədqirdə biz sərhədlərimizə yenidən nəzarət edə bilmərik. Yenidən humanitar fəaliyyət adı altında ölkəmizdə anti-humanitar fəaliyyət həyata keçirilə bilər”.
Quruma Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti ilə bağlı dəfələrlə xəbərdarlıq olunub. Həmçinin aşkarlanan qanun pozuntusu faktları təşkilatın diqqətinə çatdırılıb, amma heç bir tədbir görülməyib. Təbii ki, Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözmək niyyətində deyil. Ekspertlər deyir ki, bu təşkilatın Ermənistandan keçərək Azərbaycan ərazisinə gəlməsinə qadağa qoyulmalıdır.