Türkiyənin İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırması ilə dəyişən ABŞ-Türkiyə münasibətləri - Analiz
Bölmə: Siyasət › ,Tarix: 11:59 12.07.2023
ABŞ İsveçin NATO-ya üzvlüyü müqabilində Türkiyəyə "F-16" qırıcıları sata bilər. Bayden hazırda "F-16"ların Türkiyəyə satışını dəstəklədiyini, lakin Konqresin veto hüququna malik olduğu üçün satışa icazənin onun səlahiyyətində olmadığını bildirib. Buna qədər isə ABŞ Konqresi Türkiyənin Yunanıstanla soyuq münasibətləri və Rusiyadan hava hücumundan müdafiə sistemi alması səbəbindən qırıcıların satışına qarşı çıxırdı.
Dünən üçtərəfli görüşdən sonra Türkiyənin İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırması ilə ABŞ-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. ABŞ xarici işlər və müdafiə nazirlikləri F-16 satışı ilə bağlı müsbət mesajlar verib. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan AĞ Ev rəhbəri Co Baydenin Konqreslə məsləhətləşərək Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı prosesini irəlilətməyi planlaşdırdığını bildirib. O, ABŞ prezidentinin F-16 transferini dəstəklədiyinin açıq şəkildə mesajını verib. Qeyd edib ki, F-16-ların Türkiyəyə satışı ilə bağlı qərar gələn həftə veriləcək.
Məsələ ilə bağlı açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə ilə ABŞ arasında F-16 dialoqunu alqışladığını vurğulayıb.
NATO-nun baş katibi Yens Stoltenberq deyir ki, bu, ABŞ-nin qərarıdır: “Türkiyə arada bir əlaqə görmədiyini çox açıq şəkildə bildirdi. NATO müttəfiqlər arasında silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün nə edə biləcəyimizə dair çox açıqdır. Türkiyə ilə ABŞ arasında F-16-larla bağlı dialoqu alqışlayıram. Amma bu, dünən əldə etdiyimiz razılaşmanın bir hissəsi deyil”.
Türkiyə əleyhinə fikirləri ilə məşhur olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menende F-16 satışının reallaşacağı təqdirdə ABŞ-ın Yunanıstanın təhlükəsizliyi haqqında qarant verməli olacağını bildirib.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez bildirir ki, hələ də Türkiyə ilə bağlı narahatlığım var: “Türkiyənin son bir neçə aydır qonşuları ilə münasibətləri durğunluq dövrünü yaşadığına baxmayaraq, biz Bayden administrasiyası ilə danışırıq. Ancaq yenidən münaqişə ola bilmə ehtimalı qalır, ona görə Bayden administrasiyası buna son qoymağın bir yolunu tapmalıdır”.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ABŞ müdafiə naziri Lloyd James Austin ilə telefonla danışıb. Nazirlikdən edilən yazılı açıqlamada, telefon danışığı zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.