Anatoli Antonov: "NATO sammiti alyansın qoşunlarını Rusiyanın sərhədlərində cəmləşdirmək niyyətini göstərdi"

Bölmə: Siyasət › ,
Tarix: 21:50 12.07.2023

Rusiya səfiri Şimali Atlantika Alyansının ölkə sərhədləri ətrafında daha çox qoşun cəmləşdirmək istədiyini deyib. Alyansın Vilnüsdə keçirilən sammitinin birinci günündən sonra qəbul edilən kommünikedə bildirilir ki, Rusiya NATO müttəfiqlərinin təhlükəsizliyinə ən ciddi təhdiddir.

 

"NATO sammiti alyansın qoşunlarını Rusiyanın sərhədlərində cəmləşdirmək niyyətini göstərdi." Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. Qeyd edək ki, yaxın keçmişdə də alysansın sərhədlərinin genişləndirməsi məhz Rusiyanın daxildə zəiflədiyi dövrə təsadüf edib. Belə ki, 1999-cu ildə Rusiyada oliqarxların çəkişdiyi, iqtisadi böhranın yaşandığı zamanda NATO Mərkəzi Avropada genişlənərək Varşava paktının üzvülərini Çexiya, Macarıstan və Polşanı öz sıralarına qatdı. Rusiya Ukrayna müharibəsinin başlaması, əməliyyatların Kremlin planlaşdırdığından uzun çəkməsi ilə bir zamanlar Rus İmperiyasının knyazlığı olan Finlandiyada da alyansa üzv qəbul edildi.

 

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyir ki, Rusiya mübaliğəsiz olaraq Şimali Atlantika Alyansı üçün əsas təhlükə kimi müəyyən edilib: “Sammitin aqressiv qərarları Rusiyanın öz hərəkətlərinin düzgünlüyünə olan inamını sarsıtmayacaq. Xüsusi hərbi əməliyyatın tapşırıqları tam yerinə yetiriləcək. Blokun bütün resursları Moskvaya qarşı mübarizəyə yönəlib. Silah istehsalçıları ABŞ-nin başlatdığı “hibrid müharibə”dən pul qazanır və bunun əvəzini Qərb ölkələrinin adi vətəndaşları ödəyir. Amerika və NATO idarəçiləri tərəfindən “qətl üçün” tərk edilmiş ukraynalıların taleyi çox az narahatlıq doğurur”.

 

Rusiya NATO üçün təhlükəsizlik baxımından ən ciddi təhdid adlandırılıb. Bu barədə iştirakçı ölkələrin bəyanatında deyilir. Alyans Moskvanı Ukraynaya təcavüzdə günahlandırıb. Rusiyanı beynəlxalq hüququn pozulmasına görə pisləyib, həmçinin Ukrayna ərazilərinin ilhaqını tanımadığını bəyan edib. Eyni zamanda NATO kommünikesində qeyd olunur ki, alyans Avro-Atlantik regionda və NATO ilə Rusiya arasında münasibətlərdə sabitlik istəyir. NATO-nun qarşıdurmaya can atmadığı və Rusiya üçün təhlükə yaratmadığı vurğulanır. Müttəfiqlər əlavə ediblər ki, "biz Moskva ilə əlaqə kanallarını açıq saxlamağa hazırıq. Münasibətlərdə istənilən dəyişiklik Rusiyanın aqressiv davranışını dayandırmasından və beynəlxalq hüquqa tam əməl etməsindən asılıdır".

 

Siyasi şərhçi Orxan Nəbiyev hesab edir ki, NATO-nun əsas məqsədi tez bir zamanda Rusiyanın daxili sabitliyini tam olaraq pozmadan Ukraynanı qalib dövlətə çevirməkdir: “Nəyə görə daxili sabitliyi pozmadan? Biz gördük ki Priqojin üsyanı onu göstərdi ki, Rusiya daxilində elitalar daxili mübarizə gedir və Rusiya parçalanmağa doğru gedir. Rusiyanın parçalanması hazırda heç kimə sərf etmir, çünki 6 min nüvə başlığı raketləri Rusiyada mövcuddur və əgər sabitlik pozularsa, Rusiyanın fraqmentasiyası, yəni kaskat şəkildə dağılması baş verərsə, bu nüvə başlıqları kimdə və harada olacaq bilinmir”.

 

Sammiti ərəfəsində Alyansın rəhbərliyi Litvanın paytaxtını ən qabaqcıl silahlarla qorunan "qala"ya çevirib. Təhlükəsizlik tədbirləri Litvanın Belarusla sərhədindən təxminən 30 kilometrdən bir qədər çox məsafədə görülüb. Rusiya da bu əraziyə çox yaxındır - Kalininqrad vilayəti görüş yerindən təxminən 150 kilometr aralıda yerləşir. Moskva artıq bəyan edib ki, sərhəddə yeni hərbi bazalar yaranarsa, Rusiya İsgəndərlərin sayını artıracaq və cavab qüvvələrini Kalininqrad vilayətinə yerləşdirəcək. Rusiya ilə NATO arasında münasibətlər 2013-cü ildən, hətta Ukrayna böhranı başlamazdan əvvəl tədricən pisləşməyə başlayıb.