İsrailin müdafiə naziri Yoav Qalant bu gün Azərbaycana səfər edəcək

Bölmə: Siyasət › ,
Tarix: 08:40 12.07.2023

İsrailin müdafiə naziri Yoav Qalant bu gün Azərbaycana səfər edəcək.

 

Nazirin Bakı ziyarətinin məqsədi ölkələr arasındakı əməkdaşlığın gücləndirilməsi və regional sabitliyin möhkəmləndirilməsidir. Səfərin cəbhədə artan gərginlik, eləcə də Bakıda terror aktına cəhdin fonunda reallaşması isə Qallantın gündəliyində xeyli məsələnin olduğuna işarə edir.



İsrail mətbuatı artıq nazirin səfər gündəliyini açıqlayıb. Bildirilib ki, ziyarətin məqsədi ölkələr arasında strateji əlaqələri gücləndirmək, siyasi əməkdaşlığı möhkəmləndirmək, təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir. İsraillə hərbi sahədə tərəfdaşlıq hazırda rəsmi Bakı üçün prioritet məsələdir. Çünki ikinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb. Dünən Prezident İlham Əliyev də iştirak etdiyi müşavirədə bildirdi ki, ordumuzun modernləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması, o cümlədən ən müasir texnikaların alınması üzrə işlər gedir. Bu baxımdan, Qallantın səfəri də sözügedən istiqamətlərdə yeni razılaşmaların və yol xəritəsinin müəyyənləşməsində əsas rol oynayacaq. 


Amma İsrail müdafiə nazirinin ölkəmizə səfər etdiyi tarix gündəlikdə başqa mövzuların da olduğuna işarə edir. Belə ki, Qalantın ziyarəti Ermənistan-Azərbaycan şərti dövlət sərhədində təxribatların intensivləşdiyi dövrə təsadüf edir. Hazırda cəbhədə gedən proseslərdən görünən odur ki, “Qisas” əməliyyatının növbəti mərhələsi olmadan regionda sülhü əldə etmək mümkün olmayacaq. Bunun fonunda Qalantın Azərbaycana səfərini həm Təl-Əvivin Bakıya dəstəyi, həm də mövcud vəziyyətin dəyərləndirilməsi kimi qiymətləndirmək olar. Görüşlər zamanı israilli nazirin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyinin açıqlanması da bu fikri gücləndirir. 

Qallantın görüşəcəyi şəxslər arasında təhlükəsizlik xidmətlərinin yüksək vəzifəli şəxslərinin olması isə bir başqa məqama işarə edir. Belə ki, 2 gün öncə DTX Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşını saxladığını açıqladı. Onun üçüncü dövlətin ölkəmizdəki səfirliyində terror aktını planlaşdırdığı məlum oldu. İsrail mediasında da bu aktın öz dipolmatik nümayəndəliklərini hədəf aldığına dair ardıcıl yazılar tirajlanır. Doğrudur, bu hadisə müdafiə nazirinin səfərinin başlıca səbəbi olmaya bilər, lakin səfər zamanı keçiriləcək görüşlərdə bu məsələnin müzakirə ediləcəyi də istisna edilmir. Eyni zamanda siyasi şərhçilər bildirirlər ki, səfər çərçivəsində cənub qonşumuz ənənəsinə sadiq qalaraq təxribatlara əl ata bilər. 

Amma rəsmi Tehran dərk etməlidir ki, təxribatlara gərək yoxdur. Çünki Bakı və Təl-Əviv arasındakı əməkdaşlıq yalnız qarşılıqlı maraqlara və inkişafa əsaslanır. Azərbaycan heç bir zaman öz ərazisindən başqa bir dövlətin hərbi-siyasi məqsədlərlə istifadəsinə icazə verməyəcək.