NATO ölkələrinin birgə bəyanatı Çini qəzəbləndirdi
Bölmə: Siyasət › ,Tarix: 21:51 12.07.2023
NATO ölkələrinin qəbul etdiyi birgə bəyanatda Çinə qarşı çoxsaylı tənqidlərin yer alması bu ölkənin etirazı ilə qarşılanıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Van Venbin ittihamları əsassız adlandırıb və NATO-nu təxribat xarakterli ifadələrindən çəkinməyə çağırıb. Bildirib ki, alyans ölkəsinə ləkə yaxmamalı, yalanlar uydurmaqdan və köhnəlmiş soyuq müharibə təfəkküründən imtina etməli, mütləq təhlükəsizliyə nail olmaq üçün hərbi qüvvəyə kor-koranə inanmaqdan əl çəkməlidir. Qeyd edək ki, bəyanatda Çinin alyansın maraqlarına və təhlükəsizliyinə meydan oxuduğu bildirilir.
Çin XİN-in mətbuat katibi Van Venbin hesab edir ki, NATO sammiti kommünikesinin məzmununda doğru ilə yanlış qarışdırılıb: “Həqiqət dəyişdirilib. Sənəd Soyuq Müharibə təfəkkürü və ideoloji qərəzlə doludur. Çin buna qəti şəkildə qarşı çıxır. Soyuq Müharibə 30 ildən çoxdur ki sona çatıb. NATO isə həmin müharibənin məhsuludur. Alyans hələ də qarşıdurma düşüncəsinə sadiq qalır, beynəlxalq ictimaiyyətin sülh, inkişaf, əməkdaşlıq və qarşılıqlı qazanclı münasibətlərə dair çağırışlarına məhəl qoymur, tendensiyaya qarşı hərəkət edir və tarixi dəyişməyə çalışır. Onlar uğursuzluğa məhkumdurlar”.