Moskva taxıl sazişinin müddətini uzatmaqla hədələyir
Bölmə: Siyasət › , Dünya › ,Tarix: 10:18 13.07.2023
Rusiya-Ukrayna arasında taxıl sazişinin müddəti iyulun 17-də başa çatacaq. Tarixin yaxınlaşdığı vaxtda Moskva tərəfi müqavilənin müddətini uzatmacağı ilə hədələyir. Ancaq bu təhdidlər təkcə onlara deyil, bütün dünyaya yönəlib. Çünki razılıq əldə olunmazsa nəticəsindən milyonlarla insan əziyyət çəkəcək.
BMT və Türkiyə daha əvvəl vasitəçilik edərək müqavilənin 3 dəfə uzadılmasına nail olub. Razılaşma sayəsində Ukraynadan dünyaya 32,8 milyon ton taxıl ixrac edilib. Bu məhsulun yarısı inkişaf etməkdə olan, yəni bu məhsullara ehtiyacı olan ölkələrə göndərilib. Rusiya isə indi müqavilənin müddətini uzatmaq üçün heç bir səbəb görmədiyini açıqlayır. Kreml iddia edir ki, müqavilənin Rusiyadan ərzaq və gübrələrinin daşınmasının təmin edilməsi ilə bağlı hissəsi yerinə yetirilmir.
Digər tərəfdən Moskva taxıl sazişinin uzadılması qarşılığında dövlət kənd təsərrüfatı bankının yenidən qlobal ödəniş sistemi olan SWIFT-ə qoşulmasını tələb edir. Ölkə bu tələbin əvəzinə təklif edilən güzəştli həll yollarını isə qəbul etmək niyyətində deyil. Belə ki, Avropa İttifaqı Rusiyanın Rosselxozbankına SWIFT-ə qoşula biləcək törəmə müəssisə yaratmağa icazə vermək təklifini nəzərdən keçirir. Ancaq Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova ideyanı "qəsdən hazırlanmış yararsız" təklif kimi qiymətləndirib. Fikrini isə belə əsaslandırıb ki, törəmə müəssisənin yaradılması aylarla, onun SWIFT-ə qoşulması isə daha üç ay çəkəcək. Moskva eyni zamanda BMT-nin Rosselxozbank və Birləşmiş Ştatların JP Morgan bankı arasında alternativ ödəniş kanalının yaradılması təklifini də rədd edir. Zaxarova buna cavab olaraq "SWIFT-in real əvəzedicisi yoxdur və ola da bilməz" açıqlamasını verib. Rusiyanın qərbin razılaşmaq istəmədiyi tələblər irəli sürməsi taxıl sazişinin davam etdirilməsini böyük risk altına alır.
Digər yandan Ukraynanın ixrac etdiyi taxılın həcmi azalmaqdadır. İddialara görə buna səbəb Rusiyanın birgə yaradılmış yoxlama məntəqələrinə qəsdən yoxlanışlara mane olmasıdır. Hələ ötən ilin oktyabrında Ukraynadan 4,2 milyon ton taxıl ixrac edilmişdisə, mayda artan yoxlamalar səbəbilə bu miqdar 1,3 milyon tona düşüb.
Ekspertlər hesab edir ki, dünyanın kifayət qədər taxıl ehtiyatı var. Ancaq inkişaf etməkdə olan ölkələrə ərzaq dəstəyi verən Ukraynanın tədarükünün azalması milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyur.