Brüssel görüşü öncəsi şou
Bölmə: Siyasət › ,Tarix: 13:45 15.07.2023
Ermənilərin “xalq hərəkati” nəticə verəcəkmi?
Qarabağdakı separatçıların qondarma “xalq hərəkatı” 1988-ci ildən fiaskoya uğrayır. Hadisələri təkrar etmək cəhdləri hər zamankı kimi yenə nəticəsiz qalıb. Bu səbəbdən də, burada əsas maraqlı məqam təxribatın nəyə görə məhz Brüssel görüşündən öncə həyata keçirilməsidir. Dırnaqarası xalq hərəkatı kimin sifarişi ilə həyata keçirilir və nələri dəyişə bilər?
Separatçı rejimin Xankəndidə keçirdiyi aksiya 1988-ci ildə erməni separatizminin başlanılmasını xatırladır. Əslində, onların məqsədi öz mövcudluqlarını qorumaqdır. Amma bir məsələdə yanılırlar ki, buna 35 il öncəki ssenarini təkrarlanmaqla nail olmaq mümkün deyil.Bu baxımdan, qondarma “xalq hərəkatı”nın hansısa nəticəsinin olması ehtimalı azdır. Aksiyanı xəbər əhəmiyyətli edən məqam həm də Brüssel görüşündən dərhal öncə təşkil olunmasıdır. Siyasi şərhçi Mübariz Göyüşlü “İnformator”a açıqlmasında belə deyib.
Bildirib ki, belə bir təxribatın sifarişçisi ilə bağlı 2 versiya irəli sürmək olar. Görüşün Brüsseldə keçirildiyini nəzərə alsaq, Rusiya sülhməramlılarının və Moskvadakı hərbi siyasi elitanın dəstəyi ilə belə bir planın icrası mümkündür. Amma bu, bir qədər zəif ehtimal kimi dəyərləndirilir. Çünki aksiya qərarını Brüsselə getməmişdən öncə Paşinyan da vermiş ola bilər.
Məlumdur ki, baş nazir Brüsseldə qondarma “Xankəndi-Bakı” formatının və “ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxlq mexanizmin” yaradılması iddiasını səsləndirməkdə maraqlıdır. Xankəndidəki aksiya da məhz onun iddialarını əsaslandırması üçün zəmin formalaşdırmağa xidmət edə bilər. “Amma istənilən halda, bu qanunsuz aksiyalar görüşün keçirilməsinə, prosesin Azərbaycanın müəyyən etdiyi sülh gündəliyinə uyğun şəkildə irəliləməsinə mane ola bilməyəcək.
Çünki rəsmi Bakının bu mövzuda yanaşması dəyişməyəcək, həm də Azərbaycanın Qarabağla bağlı tələbləri artıq qlobal sferada qəbul olunub” sitatın sonu. Bir neçə gün öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Stepanakert yox, məhz Xankəndi ifadəsini işlətməsi də bunun sübutudur.
Odur ki, sifarişçisinin kimliyindən asılı olmayaraq, atılan bu təxribatçı addımlar nəticəsiz qalacaq.
Jalə Qasımzadə