Türkiyə-Yunanıstan əlaqələri yeni mərhələdə
Bölmə: Siyasət › ,Tarix: 13:59 15.07.2023
NATO sammiti Türkiyə-Yunanıstan əlaqələrindəki gərginliyə son qoyur
Egey bölgəsində uzun müddətdir artan gərginliklə qırılma nöqtəsinə gələn Türkiyə-Yunanıstan münasibətləri üçün NATO sammitində yeni səhifə açılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında baş tutan görüşdə iki ölkə arasında yeni başlanğıc yaratmaq barədə razılığa gəlinib. Vilnüsdəki görüş iki liderin daha əvvəl reallaşan dörd görüşündən fərqlənib. Onların bir-birinə əl verərkən nümayiş etdirdikləri bədən dili elə görüş başlamadan yaxşı atmosferin yaranacağından xəbər verib. Görüşlə bağlı verilən açıqlamalarda da müsbət ifadələr yer alıb. Nəticədən hər iki tərəf razı qalıb. “Son aylarda ikitərəfli münasibətlərdə formalaşmış müsbət ab-havanın davamlı və ardıcıl olması hər iki ölkənin xeyrinədir”, - deyə hər iki liderinin ofisindən verilən bəyanatlarda vurğulanıb. Danışıqlardan sonra Yunanıstanın baş naziri jurnalistlərə bildirib ki, problemlər sehrli şəkildə həll olunmayıb. Sadəcə Vilnüs görüşü onun və Ərdoğanın münasibətləri bərpa etmək niyyətini təsdiqləyib.
İki ölkə arasıda təmaslar bununla bitmir. Ərdoğan payızda Yunanıstanın Saloniki şəhərinə səfər edəcək. Egeydə etimadı artıran hərbi tədbirlərə dair danışıqların üç il yarımlıq fasilədən sonra həmin səfər zamanı bərpa ediləcəyi gözlənilir. Yunan mediası yeni dövrlə bağlı qiymətləndirmələrində 6 fevral zəlzələsindən sonra münasibətlərdəki sakit atmosferə diqqət çəkib. Egeydə suların və səmaların sakit olacağı vurğulanır. Ərdoğanın təxminən 6 il sonra Yunanıstana edəcəyi səfər və Mitsotakis ilə birlikdə Salonikidə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına sədrlik etməsi isə ayrılıqda yüksək qiymətləndirilib. Bundan başqa sentyabrda Nyu Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının toplantısında da iki rəsminin görüşəcəyi istisna edilmir.
Yunanıstan mediasında münasibətlərdə yeni dövrün əsas fiqurları kimi Ərdoğan və Mitsotakisin yaxın adamları - Türkiyənin xarici işlər naziri Hakan Fidan və onun yunan həmkarı Yorqo Yerapetritis göstərilir. Bildirilir ki, iki nazir mühüm fikir ayrılıqları üçün xarici nümayəndə heyətləri arasında dialoqu öz öhdəsinə götürəcək.
Qeyd edək ki, iki qonşu ölkə onilliklərdir ki, enerji resursları, Egey dənizi üzərindən uçuşlar və etnik cəhətdən parçalanmış Kipr kimi bir sıra məsələlərdə fikir ayrılığı yaşayır. Daha əvvəl başlayan Yunanıstan-Türkiyə yumşalma prosesi ötən il hava məkanının pozulması ilə bağlı mübahisə və Mitsotakisin F-16 qırıcılarını Ankaraya satmaması üçün Birləşmiş Ştatlara təzyiq göstərməsindən sonra dayandırılıb. Ancaq fevralda çox sayda insanın ölümü ilə nəticələnən zəlzələlərdən sonra rəsmi Afinanın Türkiyəyə xilasedicilər göndərməsi, daha sonra Yunanıstanda baş verən dəhşətli qatar qəzasında rəsmi Ankaranın bu ölkəyə dəstəyi münasibətləri yenidən yumşaldıb.
Nəzrin Malik