İsveç Şimali Atlantika alyansina üzv ola bilər

Bölmə: Siyasət › ,
Tarix: 14:03 15.07.2023

İsveçin maneələri aradan qalxdı

 

Həm NATO-nun, həm də İsveçin üzvlükdən müəyyən gözləntiləri var. İsveçin üzvlüyü Rusiya sahilləri və Kalininqrad anklavı istisna olmaqla, bütün Baltik dənizi sahil xəttini NATO ərazisinə çevirəcək. Beləcə Rusiyanın mümkün hücumu zamanı Baltikyanı ölkələrin müdafiəsi asanlaşacaq. Həmçinin Estoniya, Latviya və Litvaya hərbi hissələrin, silah-sursat və texnikanın daşınması İsveç üzərindən gəmilərlə rahatlıqla başa gələcək. Əlavə olaraq, İsveçin Qotland adası da strateji əhəmiyyətə malik olacaq. Bu adadan demək olar bütünlüklə Baltik dənizinə nəzarət etmək mümkündür. Ekspertlərin fikrincə, İsveçin NATO-ya üzvlüyünün bu qədər cəlbedici olmasının əsas səbəbi ölkənin coğrafi mövqeyidir.

İsveçin silahlı qüvvələri və hərbi texnikası da NATO-ya önəmli töhfə verə bilər. İsveç kiçik ölkə olsa da, müasir orduya sahibdir. Məlumata görə, əsgərlərin sayı təxminən 38 mindir. Xüsusilə, YERLİ istehsal müasir hava qüvvələrinə sahibdir. Ölkə həm də sualtı qayıqları olan mühüm dəniz gücünə malikdir. İsveç ümumi daxili məhsulunun təxminən 1,3 %-ni müdafiəyə xərcləyir. Ötən illərlə müqayisədə kifayət qədər yüksək olan bu rəqəmin növbəti illərdə alyansın standartına uyğun gələcəyi gözlənilir. Siyasi şərhçi Turab Rzayev hesab edir ki, NATO əslində Finlandiyanın üzv olması ilə birlikdə Rusiya ilə olan sərhədini iki dəfədən çox artırdıb. Onun sözlərinə görə, NATO bu halda Rusiyaya qarşı birbaşa mübarizə aparmaq, Rusiyanın qarşısında durmaq imkan əldə edir. Ancaq Finlandiya nisbətən hərbi cəhətdən daha zəif ölkədir və daha çox neytral siyasət yürütməsi ilə tanınır. İsveçin isə çox böyük və inkişaf etmiş hərbi sənayesi var, eyni zamanda militar dövlət kimi güclü ordusu var. NATO istəyir ki, Rusiya ilə mümkün qarşılaşma anında İsveç məhz NATO sıralarında olsun.

İsveçin nə vaxt NATO-nun tamhüquqlu üzvü olacağına gəldikdə isə, Macarıstan da bu məsələni payıza qədər təxirə salmağı qərara alıb. Macarıstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ‪Zsolt Nemeth Türkiyənin oktyabrdan əvvəl səsvermə keçirməyəcəyini deməsindən sonra Rəsmi Budapeşt parlamentin növbədənkənar iclasına ehtiyac olmadığını bildirib. İsveçin NATO-ya üzvlük protokolunun təsdiq ediləcəyi yerin Türkiyə Böyük Millət Məclisi olduğunu vurğulayan Ərdoğan isə təsdiqin oktyabra qədər verilib verilməyəci sualına cavab verərkən qarşıda parlamentin iki aylıq tətilə gedəcəyini deyib.

Soyuq müharibə başa çatdıqdan sonra İsveç bir çox Qərb ölkələri kimi müdafiə xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Bununla belə, 2008-ci ildə Gürcüstan müharibəsi ilə başlayan və 2014-cü ildə Krımın ilhaqı ilə davam edən təhdidlər ötən il Rusiyanın Ukraynaya hücumu ilə yekunlaşdı. Baş verənlər İsveçin müdafiə strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb oldu. İsveç və NATO artıq bir çox istiqamətlərdə sıx əməkdaşlıq edirlər. NATO-ya üzvlük məsələsində İsveç üçün əsas dəyişiklik Alyans Müqaviləsinin 5-ci maddəsinin təminatıdır. Şimali Atlantika Alyansının əsas maddəsinə görə, bir NATO ölkəsinə qarşı silahlı hücum bütün NATO ölkələrinə qarşı edilmiş hesab olunur. Belə olan halda alyans üzvləri hücuma məruz qalan ölkəyə dərhal yardım etməyi öhdələrinə götürürlər. Bundan əlavə, İsveç müdafiə alyansının əsas qərar qəbuledici orqanı olan NATO Şurasının veto hüququna malik bərabərhüquqlu üzvü olacaq.

 

 

Sayad