DÜYÜ BAHALAŞIR? HİNDİSTANTAN DÜYÜ İXRACINA MÜVƏQQƏTİ QADAĞA PLANLAŞDIRIR

Bölmə: Sosial › , İqtisadiyyat › ,
Tarix: 14:17 15.07.2023

Dünyanın ən böyük düyü tədarükçüsü olan Hindistan bu məhsulun ixracına müvəqqəti qadağa qoymağı planlaşdırır. Əsas səbəb kimi isə fermerlərin ekstremal hava şəraitindən əziyyət çəkməsi kimi göstərilir.

 

Hindistan müxtəlif növ düyü növlərinin ixracını dayandıra bilər. Dehlini buna Əlverişsiz hava şəraitinin vadar etdiyi deyilir. Çünki hava problemi pomidorun da yığımına təsir göstərib. Hazırda ölkədə pomidorun qiyməti benzindən bahadır. Düyü də qıt əmtəəyə çevrilib və hökumət fermerlərin itkilərini kompensasiya etmək üçün alış qiymətlərini qaldırmağı qərara alıb.

Bu il Dehlidə düyü qiymətləri 15%, ölkə üzrə orta qiymət isə 8% artıb. İxrac qadağasının ölkədə qiymətləri aşağı salmağa kömək edə biləcəyi düşünülür. Amma Hindistanın düyü ticarətində payı təqribən 40%-dir, ölkə bu məhsulu dünyanın 100-dən çox ölkəsinə tədarük edir. İqtisadçılar Hindistanın məhdudlaşdırma qərarından sonra düyü qiymətlərinin bahalaşacağını deyirlər. İqtisadçı Kənan Quluzadə hesab edir ki, ən böyük düyü idxalçılarından olan Çin və ABŞ bu situasiyanı birmənalı qarşılamayıb. Çünki bazarda yarana biləcək müvafiq boşluğu qismən kişik ixracçılar olan Pakistan, İndoneziya, Filippin və Vyetnamın tam doldurulacağı inandırıcı görünmür. Belə olacağı təqdirdə dünya bazarında qida qıtlığı düyü defisiti yarana bilər. Bu defisit də dünya bazarında düyü qiymətlərinin artımına gətirib çıxaracaq.

Qeyd edək ki, Azərbaycanın düyü idxalının 70-80 faizi Hindistanın payına düşür. Məhz buna görə də Dehlinin düyü ixracı ilə bağlı qəbul edəcəyi qərarın ölkəyə idxal edilən məhsulun qiymətinə təsirsiz ötüşməyəcəyi bildirilir.

 

 

Şəbnəm Fərmanlı