Baydendən Priqojinə xəbərdarlıq
Bölmə: Siyasət › ,Tarix: 14:28 15.07.2023
"Yevgeni Priqojin Rusiyanın zəhərləmə cəhdinə diqqət yetirməlidir". ABŞ prezidenti Co Bayden mətbuat konfransı zamanı Vaqner qrupunun liderinə potensial zəhərlənmə ilə bağlı ayıq-sayıq qalmağı tövsiyə edib.
Priqojinin ötən ay Rusiyadakı çevriliş cəhdinə Kremlin necə cavab verəcəyinin müəmmalı olduğunu bildirib. ABŞ prezidenti Co Bayden “Vaqner” qrupunun yaradıcısı və rəhbəri Yevgeni Priqojinə zəhərlənmə ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Jurnalistlərin "Vaqner liderinin ötən aykı çevriliş cəhdi ilə bağlı Rusiya kəskin tədbirlər görə bilərmi? sualına "onun yerində olsam yediklərimə diqqət edərdim" deyərək zarafatla cavab verib. Bayden Priqojinin harada olmasından xəbərsiz olduğunu bildirib. “Putinin nə edə biləcəyini ancaq Tanrı bilir. Vaqner rəhbərinin harda olduğundan və Prezident Putinlə münasibətlərinin necə olduğundan xəbərsizəm. Priqojinin yerində olsam, yediklərimə diqqət edərdim, gözümü menyudan ayırmazdım. Amma zarafat bir yana məncə, heç birimiz Priqojinin Rusiyada gələcəyinin necə olacağını dəqiq bilmirik” – sitatın sonu.
Bu arada Rusiya Prezidenti Vladimir Putin “Vaqner”çilərlə bağlı açıqlama verib. O, “Vaqner” özəl hərbi şirkətinin artıq mövcud olmadığını deyib. Putin iyunun 29-da hərbi şirkətin rəhbəri Yevgeni Priqojin və üzvüləri ilə görüşünün bəzi təfərrüatlarını da açıqlayıb. "Kommersant" nəşrinin məlumatına görə, Putin həmin görüşdə "Vaqner"çilərin döyüş meydanında etdiklərini qiymətləndirdiyini deyib. “Bir tərəfdən görüşdə onların döyüş meydanında etdiklərinə, digər tərəfdən 24 iyun hadisələrinə qiymət verdim. Daha sonra onların gələcək xidmətlərinin mümkün variantlarından danışdım", - deyə "Kommersant" Putindən sitat gətirib. O, həmin görüşdə 35 nəfərin olduğu "Vaqner" komandirlərinə bir neçə iş variantını, o cümlədən birbaşa Sedoy ləqəbli komandirin rəhbərliyi altında işləməyi təklif edib. "Onların hamısı bir yerə toplaşa və xidmət etməyə davam edə bilərdilər. Onlar üçün heç nə dəyişməyəcəkdi. Mən bunu deyəndə çoxları başını tərpətdi, qabaqda oturub bunu görməyən Priqojin dinlədikdən sonra dedi: “Yox, uşaqlar bu qərarla razı deyillər”- deyə Rusiya lideri qeyd edib.
Pentaqonun mətbuat katibi Patrik Rayder də “Vaqner” döyüşçülərinin Ukrayna ərazisində fəaliyyətini dayandırdığını təsdiqləyib. Həmçinin Rusiyanın Müdafiə Nazirliyi iyulun 12-də “Vaqner”çilərin silah təhvil verilməsini başa çatdırdığını açıqlayıb. "The Wall Street Journal" nəşrinin yaydığı məlumatda isə deyilir ki, "Vaqner" muzdlularının qiyamından sonra Rusiyada 13 yüksək rütbəli zabit saxlanılıb. Həmçinin Rusiya Silahlı Qüvvələrinin 15 zabiti işdən çıxarılıb və ya xidmətdən kənarlaşdırılıb. Saxlanılanlar arasında general Sergey Surovikin də var. Surovikinin üsyandakı rolu ilə bağlı sorğu-sualları isə davam edir.
Jalə Qasımzadə