Rusiya-Ukrayna müharibəsi ABŞ-dən asılıdır
Bölmə: Siyasət › ,Tarix: 17:27 15.07.2023
Birləşmiş Ştatlar istəsə, Rusiya-Ukrayna münaqişəsini dərhal dayandıra bilər. Bu sözləri Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosuna müsahibəsində deyib.
Bildirib ki, Rəsmi Vaşinqton müttəfiqlərinə Rusiya ilə hərbi əməliyyatları niyə davam etdirmək istəyini izah etməyib. Onun sözlərinə görə, Kiyev dağılmış iqtisadiyyatı, maliyyə və silah baxımından Qərb müttəfiqlərinə həddən artıq güvənir. Ukrayna əsl suverenliyini itirib.
Onlar Rusiyaya qarşı mübarizədə tamamilə Qərbdən asılıdır. Buna görə də Vaşinqton istədiyi vaxt münaqişəni dayandıra bilər. Amerikalıların bunu niyə istəmədiyi isə bütün ictimaiyyəti heyrətə salan sualdır. Macarıstanın baş naziri Viktor Orban NATO sammitində bunun cavabını ala bilmədiklərini də deyib.
Bu arada Rusiya Ukrayna qüvvələrinin irəliləyişini dayandırmaq üçün bütün mümkün resursları səfərbər edib. Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecə yüksək rütbəli komandirlərlə görüşündən sonra yayımladığı videomüraciətində belə deyib. Onun sözlərinə görə əks-hücum əməliyyatları uğurla davam edir. "Biz hamımız çox aydın şəkildə başa düşməliyik ki, cənub və şərq torpaqlarımızdakı rus qoşunları əsgərlərimizi dayandırmaq üçün əllərindən gələni edirlər. Hər min metr irəliləyiş, döyüş briqadalarımızın hər bir uğuru təşəkkürə layiqdir. Hücuma çıxan hər kəsə, düşmən hücumunu dəf edən hər kəsə afərin. Hər bir əsgərimizə minnətdaram” – sitatın sonu.
Qeyd edək ki, Ukrayna qoşunları bu əməliyyatlarda əsas diqqəti cənub-şərqdəki kəndləri ələ almağa və Baxmut şəhəri ətrafındakı əraziləri geri qaytarmağa yönəldib.
Nəzrin Malik