Böyük Britaniyadan Çinə ittiham
Bölmə: Siyasət › ,Tarix: 10:40 16.07.2023
Böyük Britaniya parlamenti Çini ölkənin kəşfiyyat orqanlarına sızmaqda və əqli mülkiyyətini oğurlamaqda günahlandırır. Xarici siyasətində başqa ölkələrin daxili işlərinə müdaxiləyə yol vermədiyini bildirən qarşı tərəf ittihamları qəbul etmir.
Onlar həmçinin elm və texnologiya sahəsində Birləşmiş Krallıqdan daha öndə olduqlarını iddia edirlər. "Çin Böyük Britaniyanın hər bir sektoruna nüfuz edib." Böyük Britaniya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin Çinlə bağlı dərc etdiyi hesabatda belə deyilir.
Bildirilib ki, rəsmi Pekin Britaniyanın əqli mülkiyyətini oğurlayır, kəşfiyyat xidmətlərinə agentlər göndərməyə çalışır. Komitə hökuməti ölkənin əsas aktivlərini Çinin müdaxiləsindən qorumaq üçün çox ləng davranmaqda ittiham edib. Bildirilib ki, bu öz növbəsində ciddi uğursuzluğa səbəb olacaq və ölkə gələcək illərdə onun nəticələrini hiss edəcək.
Qurum, Çinin yaratdığı təhlükəsizlik təhdidləri ilə mübarizəyə həsr olunmuş resursların “tamamilə qeyri-kafi” olduğunu da qeyd edib.
207 səhifəlik hesabat Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin 2019-cu ildə Çinlə bağlı milli təhlükəsizlik məsələləri, o cümlədən Huawei-nin Britaniya telekommunikasiya infrastrukturunda mübahisəli rolunu araşdırmaq üçün başlatdığı araşdırmanın nəticəsidir.
Çinin Böyük Britaniyadakı səfirliyi sənədi pisləyib və bunun Çini ləkələmək üçün uydurma faktlara əsaslanan əsassız ittihamlar olduğunu deyib.
Bildirilib ki, bəzi Britaniyalı siyasətçilərinin Çinə qarşı saxta ittihamlar səsləndirmək təcrübəsi gülüncdür. Hesabatda Çinin Britaniyanın əqli mülkiyyətini oğurladığı əsas sahələrə gəlincə isə səfirlik iddia edir ki, Çin bu sahələrdə Böyük Britaniyanı çoxdan ötüb. Hətta bu ölkəyə çoxlu qabaqcıl avadanlıqlar ixrac edib. Çində elm və texnologiyadakı inkişafın oğurluqla deyil, xalqın müdrikliyi və zəhməti ilə əldə olunduğu vurğulanıb.
Jalə