Çin və Rusiya Yapon dənizində təlimlərə başlayır

Bölmə: Siyasət › ,
Tarix: 20:42 16.07.2023

NATO-nun Vilnüsdə keçirilən sammitində Rusiya və Çin haqqında səsləndirdiyi fikirlərlə beynəlxalq aləmdə gözdən salmaq səyləri tərəflər arasında vəziyyəti daha da gərginləşdirib. Belə ki, Çin və Rusiya baş verənlər fonunda Yapon dənizində birgə təlim keçirməyə hazırlaşır. Onların bu addımı NATO-nun Asiyada, ümumiyyət beynəlxalq aləmdə söz sahibi olma niyyətinə qarşı hesablanıb. Çin Xalq Respublikasının Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələri ilə birlikdə Yapon dənizində təşkil olunacaq "Şimal Qarşılıqlı Fəaliyyət-2023" hərbi təlimlərində iştirak edəcəyini açıqlayıb. Belə ki, təlim illik əməkdaşlıq planına uyğun olaraq həyata keçirilir. Nazirlik qeyd edib ki, təlimlər strateji dəniz zolaqlarının təhlükəsizliyinin qorunması mövzusuna həsr olunacaq və məqsədi Pekin - Moskva qüvvələri arasında strateji qarşılıqlı əlaqəni yaxşılaşdırmaq, regional sülhü, sabitliyi birgə qorumaq qabiliyyətini gücləndirmək olacaq. 

Rusiya mediasında çıxan xəbərlərə görə, təlimin keçirilməsi barədə məlumatların NATO sammtində Çin və Rusiya haqqında səsləndirilən qərəzli fikirlərdən sonra açqılanması təsadüfi deyil. Belə ki, NATO-nun Baş Katibi Yens Stoltenberqin bu ölkələrin regional sabitliyi pozduğunu deməsi Rusiya və Çini narahat edib. Bildirlir ki, təlimlər də məhz Pekin və moskvanın regionda kimin söz sahibi olduğunu qərbə göstərmək məqsədi daşıyır. Həmçinin, son vaxtlar BŞ və müttəfiqlərinin Yaponiya, Cənubi Koreya Respublikası ilə yaxınlaşması, Tayvan məsələsində alyansın canfəşanlığı da Rusiya və Çini ortaq hərəkət etməyə məcbur edir. 

Yeri gəlmişkən, Litva prezidenti Gitanas Nausedanın NATO-nu şərq cinahını gücləndirməyə çağırmasından və Belarusun artıq müstəqil olmadığını, onun Rusiyanın əyaləti olduğunu deməsindən sonra ötən gün Belarus Müdafiə Nazirliyi də hərbi təlimlərin keçirildiyini açıqlayıb. Belə ki, Belarus alyans ordusunun sərhədində çoxalmasını təhdid olaraq qəbul etdiyini açıqlayır. Bu fonda isə ölkənin Müdafiə Nazirliyi Vaqner qoşunlarının Belarus əsgərlərinə təlim keçdiyini bildirib. Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı görüntülərdə də bu fakt təsdiqini tapıb. Görüntülərdə Vaqner qoşunlarının paytaxt Minskdən təxminən 90 kilometr aralıda yerləşən Osipoviçi qəsəbəsində hərbi düşərgə yaratdığı əks olunub. Təlimin NATO-nun sərhədlərini genişləndirməsi fonunda yarana biləcək "mümkün təhlükə" ilə əlaqədar keçirildiyi də vurğulanıb.  

Ekspertlər də NATO-nun Rusiya və Çinin beynəlxalq aləmdə söz sahibi olma haqqının əlindən alınması istiqamətində addımlar atdığını deyirlər. Onların fikirncə, bu planda əsas məqsəd alyansın dünyaya "ağalığını" təmin etməkdir. Bildirilir ki, NATO ilə Rusiya-Çin arasındakı gərginlik azalmasa, dünya ağalığı üzərində mübarizə zamanla böyüyəcək və böyük fəlakətli müharibəyə gətirib çıxaracaq. 

 

ƏNVƏR