Rusiya-İran arasındakı böhran artır
Bölmə: Siyasət › ,Tarix: 10:58 16.07.2023
Son zamanlar Moskva ilə yaxın müttəfiqi olan İran arasında diplomatik böhran hökm sürür. Səbəb isə Rusiyanın Tehranın qırmızı xətt hesab etdiyi adalarla bağlı BƏƏ-ni dəstəkləməsidir. Rusiyanın adalarla bağlı mövqeyinə qarşı çıxan Tehranın etirazlarına isə rəsmi Kremldən cavab gəlmir. Körfəz Əməkdaşlıq Şurasında qəbul olunan bəyanatdan sonra tərəflər arasında gərginlik artmaqda davam edir. Belə ki, Şuraya üzv ölkələrin xarici işlər nazirləri arasında Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları haqqında verilən bəyanat Tehranı qane etməyib. Hətta Kremlin mövqeyinə etirazını çatdırmaq istəyən rejim Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovu İran Xarici İşlər Nazirliyinə də çağırıb.
Gedişatı analiz edən siyasi şərhçi Mübariz Göyüşlü deyir ki, Moskvada qəbul olunan bəyanatdan narazı qalan İran öz xam xəyallarının qurbanı olub. Çünki özünü Rusiya üçün əvəzolunmaz hesab edən rejim Kremlin Tehrana görə öz maraqlarından keçəcəyini düşünürdü. Ancaq gözlənilən kimi olmadı. Dipolamtik kriz onu göstərdi ki,İran hər nə qədər əksini iddia etsə də, ikili münasibətlərdə söz sahibi Rusiyadır. Adalarla bağlı gərginliyə gəldikdə isə Tehran hesab edir ki, sözügedən mövzuda müzakirələrə ehtiyac yoxdur və adalar ona məxsusdur. Lakin Əbu-Dabi bu iddia ilə razılaşmır.
BƏƏ bildirir ki, 1971-ci ilədək Böyük Britaniyanın işğalı altında olan bu adalar həmin ildə ona qaytarılıb.Lakin İran onları işğal edib və Əbu-Dabi bundan sonra Tehranı "işğalçı" adlandırıb. Və Rusiyanın bəyanatla BƏƏ-i dəstəkləməsi dolayısı yolla İranın işğalçı olması fikrini qəbul etməsi anlamına gəlir. Lakin adalarla bağlı diplomatik gərginlik İranın son zamanlar tərəfdaşı hesab etdiyi ölkələrlə yaşadığı ilk belə problem deyil. Çünki bundan əvvəl Çin Körfəz Əməkdaşlığı Şurasının iclasında da BƏƏ adalarla bağlı haqlı hesab etdiyi mövqeyi ortaya qoymuşdu. Bundan sonra Çinin də səfiri İran XİN-ə çağırılmışdı. Tehranın gözləntisi Çin və Rusiyanın ərəb dövlətləri ilə münasibətlərini İrana görə tənzimləməsidir. Amma Tehranın gözləntilərinin əksinə Çin və Rusiya İrana görə ərəb dövlətləri ilə münasibətlərini korlamadı.
Siyasi şərhçi Yeganə Hacıyevanın sözlərinə görə, Moskva və Pekin üçün hazırki vəziyyətdə varlı ərəb ölkələri ilə əməkdaşlıq İrandan daha vacibdir. Moskva-Tehran münasibətlərindəki ziddiyyət özünü Rusiya-Ukrayna müharibəsində də göstərəcək. EKspertlərin fikrincə, diplomatik gərginliyin dərinləşməsi cəbhədə Rusiyanı "Şahid" dronları ilə dəstəkləyən İranın tutduğu mövqeydən üz döndərməsi ilə nəticələnə bilər.
İsmayıl