Şahnazaryandan "Qarabağ planı" iddiası

Bölmə: Siyasət › ,
Tarix: 20:24 17.07.2023

Qarabağın Azərbaycana tam inteqrasiyası planı hazırlanıb. Belə bir iddia ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan çıxış edib. O, hətta prosesin yekunlaşacağı tarixi də elan edib. Bu açıqlamanın Brüssel görüşündən dərhal sonra verilməsi isə xüsusilə diqqət çəkib. Siyasi şərhçi Mübariz Göyüşlü deyir ki, Şahnazaryanın “yol xəritəsi” adlandırdığı bu proqram ermənilərin pasportlaşdırılması, Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması, bölgədəki silahlıların ləğv olunması və hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsini əhatə edir. Üstəlik, Şahnazaryan hər mərhələnin 3 ay ərzində başa çatdırılacağını deyərək, planın 12 ayda tamamlanacağına işarə edib. Əslində, Ermənistan rəsmisinin açıqladığı bəndlər Qarabağdakı erməni əhalisinin reinteqrasiyası ilə Azərbaycanın planına uyğundur. Belə ki, Qarabağdakı silahlı birləşmələr onsuz da 10 noyabr bəyanatına görə çıxarılmalı idilər, onların hazırda bölgədə qalması reinteqrasiya prosesinə mane olur. Eləcə də pasportların paylanması Qarabağda yaşayan ermənilərin sayının müəyyənləşməsi üçün zəruridir. Bu səbəbdən də, erməni rəsmilərin gündəmə gətirdiyi yol xəritəsi reallığı əks etdirir. 

 

Siyasi şərhçi Mübariz Göyüşlünün fikrincə, Azərbaycan bu bəndlər üzərində işləyərək, 2024-cü ilədək reinteqrasiya prosesini yekunlaşdırmaq istəyir. Bu məsələ uzun zamandır rəsmi Bakının bəyantlarında da öz əksini tapır. Amma məhz indiki dövrdə İrəvan rəsmilərinin bu məsələni gündəmə gətirməsi Ermənistanın da bu prosesdə maraqlı olduğuna işarə edir. 

 

Ümumilikdə, Brüssel görüşünün yekunlarına nəzər salaq görərik ki, sayca 6-cı toplantıda ilk dəfə olaraq Qarabağda yaşayan ermənilərə Ağdam vasitəsi ilə humanitar təminatınatın həyata keçirilməsi qeyd olunub. Eyni zamanda, “Laçın yolu” ifadəsi işlədilib. Bunlar Brüsselin birmənalı şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanıması deməkdir və ona işarə edir ki, Ermənistan ilə Qarabağın erməni əhalisi arasında əlaqə suveren hüquqlar çərçivəsində Laçın yolu vasitəsilə qurulacaq. Bunu Ermənistan ictimaiyyəti də dərk edir. Bu səbəbdən də erməni mətbuatında Azərbaycanın Qarabağla bağlı tələblərinə dair şərhlər çoxalıb. 

 

Bunun nəticəsində də yaxın 1 il ərzində reinteqrasiya prosesi yekunlaşa bilər. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, “Qarabağ münaqişəsi” və hətta “münaqişə” sözlərinin bir dəfə də işlədilmədiyi Avropa İttifaqının son bəyanatı sülhün imzalanacağı tarixin də uzaqda olmadığından xəbər verir.

 

Fidan