Saakaşvili Avropaya köçürülə bilməyəcək

Bölmə: Siyasət › ,
Tarix: 13:24 18.07.2023

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini səhhətinin getdikcə pisləşməsi ilə əlaqədar Gürcüstan hökümətinin icazəsi ilə gələn Avropa İttifaqının təlimatlandırdığı Polşalı həkimlərdən biri corabının içində Saakaşvilidən götürülmüş analiz nümunəsini xəstəxanadan gizli çıxarmaq istəyib.

 

İnformator.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Gürcüstanın ədliyyə naziri Rati Breqadze həkimin bioloji nümunələri qanunsuz yollarla müəssisədən çıxarmağa cəhd etdiyini etiraf edib. O bildirib ki, məhkum Saakaşviliyə əcnəbi həkimlərin baş çəkməsi ilə bağlı baş verən anlaşılmaz insidentin qarşısının alınmasında maraqlı olan qüvvələr qəsdən ictimaiyyəti çaşdırmağa çalışırlar. Sitat - “Onlar vəziyyəti elə qələmə vermək istəyirlər ki, guya polşalı həkimin həqiqətən də Mixail Saakaşvilidən nümunə alıb, corabında aparması təsadüfdür. İctimaiyyətə düzgün məlumat vermək üçün bildirirəm ki, məhkumdan götürülmüş nümunənin corabda yerləşdirilməsi və onu çıxarmağa cəhd etməsi faktını polşalı həkim özü təsdiqləyib. Bu barədə hələlik ətraflı danışmayacağıq, nümunələr götürüldükdən sonra onu rəsmi olaraq möhürləmək lazımdır, corabın içinə qoymaq yox .


Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili hadisəni “biabırçılıq” adlandıraraq, Polşa hakimiyyətinin izahat verməli olduğunu bəyan edib. Polşanın Tbilisidəki səfiri Mariuş Maşkeviç Gürcüstan XİN-ə çağırılsa da, Varşavada olması səbəbindən görüşə getməyib. Səfirliyə onun vəzifələrini icra edən Mariuş Petr Jak gedib. Nazir Darçiaşvili diplomatın diqqətinə çatdırıb ki, polşalı həkimin prosedurları pozaraq Mixeil Saakaşvilidən götürdüyü bioloji nümunəni klinikadan kənara çıxarmağa çalışması Gürcüstan tərəfində narahatlıq yaradıb. Görüş zamanı Polşa səfirliyinin rəsmisindən insidentlə bağlı mövqeyini bildirməsi istənilib. Diplomat insidentlə hansı davranışın səbəb olması ilə bağlı məlumatsız olduğunu ifadə edib.
“Saakaşvilinin azadlığa buraxılması qərargahı”nın rəhbəri Giorgi Çaladze Avropa İttifaqı tibbi missiyasının gəlişinin problemin diplomatik yollarla həlli kimi dəyərləndirib. Qeyd edib ki, bundan sonra Saakaşvilinin Avropaya köçürülməsi daha da çətinləşib. Onun sözlərinə görə, Brüssel və Tbilisi hökuməti arasında çox intensiv danışıqlardan və müzakirələrdən sonra həkimlərin prezident Saakaşvilini müayinəyə icazə verilmişdi. Bu söhbət sadə deyildi, aşağı səviyyədə deyildi, Brüssellə Tbilisi arasında ən yüksək siyasi səviyyədə idi.


Qeyd edək ki, yaşanan insidentdən sonra Avropa Parlamentinin 44 deputatının imzaladığı və Gürcüstan prezidenti Salome Zurabişviliyə, baş nazir İrakli Qaribaşviliyə və parlamentin sədri Şalva Papuaşviliyə məktub ünvanlayıb. Məktubda Mixail Saakaşvilinin Avropaya köçürülməsi məsələsi gündəmə gətirilib.

Jalə