Erməni təxribatının fərqli CƏHƏTLƏRİ
Bölmə: Siyasət › ,Tarix: 20:08 20.07.2023
Sülh istiqamətində Azərbaycan və Ermənistan tərəflərinin davamlı danışıqlar prosesinin getdiyi vaxtda Qarabağdakı separatçılar məsələyə hər vəchlə məne olmağa çalışır. Bu qüvvələrin təşəbbüsü ilə bir qrup erməni Ağdam yolunda barrikadalar qurub.
Prosesə səbəb isə Xankəndidə yaşayan ermənilərə ərzaq təminatının Bakıdan göndərilməsi ilə bağlı fikirlərdir. Guya onlar bu metodla Bakıdan gələn dəstəyə etirazlarını bildirirlər. Separatçılar Bakıya qarşı Qarabağda yaşayan erməniləri alət edirlər.
Siyasi şərhçi Telman Qasımovun fikrincə, Brüssel görüşünün yekun nəticəsində Avropa İttifaqının erməni əhalisinin ərzaq təminatının Ağdamdan çatdırılmasını dəstəkləməsi pozucu qüvvələri hərəkətə gətirib. Beləliklə Vardanyanın rəhbərlik etdiyi qondarma “Artsaxın Təhlükəsizlik və İkişafı cəbhəsi” adlı hərəkatın üzvləri Ağdam yolunda barrikada quraraq ərzaq təminatının bu marşrut vasitəsilə təmin edilməsinin qarşısını almağa cəhd ediblər.
Xatırladaq ki, bir qədər əvvəl ermənilər Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətə başlamasını “humanitar fəlakət” elan etmişdilər. Onlar hətta beynəlxalq məhəkəmələrə müraciətlərində yol səbəbindən Xankəndidə ərzaq qıtlığının yaşandığını iddia edirdilər.
Siyasi şərhçi Anar Əliyev isə indiki situasiyanı sülhə maneə olmaq istəyən qüvvələrin Azərbaycanı güc tətbiqinə vadar etmək cəhdləri kimi qiymətləndirir: “İndi Ermənistanda sülhün əleyhinə olan qüvvələr və separatçıların əsas hədəfi Azərbaycanı Qarabağdakı erməniləri sıxışdıran tərəf kimi göstərməkdir. Ancaq Avropa İttifaqının Ağdam -Xankəndi yolunun təminat üçün istifadə edilməsi fikrini dəstəkləməsi Azərbaycanın mövqeyini gücləndirir. Qərb, şimal və cənubda da yaxşı bilirlər ki, Bakı məsələnin dinc və ədalətli yolla həllində maraqlıdır
Qeyd edək ki, iyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırılmasına cəhd ediblər.
Bütün bunlar regionda, əslində, kimin qarşıdurma, kimin sülh tərəfdarı olduğunu göstərir.
Fidan